Asan Aç

Əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində göstərilən xidmətlər

Kimlər əlilliyi olan şəxs hesab olunur?

Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlilliyi olan şəxs sayılır.

Şəxsin həyat fəaliyyətinin məhdudlaşması onun özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanını tamamilə və ya qismən itirməsində təzahür edir.

 

Hansı növ əlillik dərəcələri mövcuddur?

Xəstəliyin ağırlığından asılı olaraq I (birinci), II (ikinci) və III (üçüncü) dərəcəli əlillik təyin edilir. Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini müəyyən edir.

Əlilliyi olan şəxsləri müayinə və müalicə məqsədləri ilə fərdi reabilitasiya proqramına uyğun olaraq, səhiyyə və ya reabilitasiya müəssisələrinə göndərir.

 

Əlilliyin meyarları necə müəyyən olunur?

I dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlilliyi olan şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər.

II dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

III dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində profesional əməyin çətinləşməsi də nəzərdə tutulur.

 

Əlillik hansı müddətlərə müəyyən olunur?

II və III dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir;

II dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir;

Əlillik dərəcəsindən asılı olmayaraq qanunla müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz təyin edilir;

I dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda II və III dərəcə əlillik müddətsiz müəyyən edilir.

 

Əlilliyin qiymətləndirilməsi zamanı göndərişin verilmə qaydası

Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi tibb müəssisələrinin həkim-məsləhət komissiyasına müraciət edir. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı komissiyaya getmək imkanı olmadıqda, o komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, qərar qəbul edilir. Qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Tərtib edilmiş göndəriş dərhal komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

 

Əlilliyin qiymətləndirilməsi prosesi hansı mərhələlərdən keçir?

Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

 

Əlilliyin qiymətləndirilməsi üçün hansı sənədlər tələb edilir?

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Stasionar epikriz (və ya tibbi rəy)

3

TSEK-ə əlilliyin qiymətləndirilməsi məqsədilə göndəriş

4

Xəstəlik vərəqəsi (xəstəliyin növündən aslı olaraq (6 aylıq xəstəlik vərəqəsi Əmək müqaviləsi olan şəxslər)

 

18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu necə müəyən edilir?

18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Tibbi sosial ekspert komissiyaları tərəfindən 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

 

18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu üzrə müraciətlər hansı formada daxil ola bilər?

Şəxsən;

Nümayəndə vasitəsi ilə (etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti).

 

Sağlamlıq imkanlarının məhdudluğu hansı müddətlərə müəyyən olunur?

18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. İstisna hallar mövcuddur.

 

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi

Fərdi Reabilitasiya Proqramında reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya DOST mərkəzləri digər reabilitasiya vasitələri isə Protez-Ortopedik Bərpa Mərkəzi və ya “DOST” mərkəzi tərəfindən əlilliyi olan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir.

Əlilliyi olan şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla Fərdi Reabilitasiya Proqramının tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə uyğun olaraq təmin edilir.

Əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə qanunvericiliklə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir.

 

Tibbi göstərişlərin verilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Əlilliyi təsdiq edən sənəd

3

Tibbi göndəriş (Forma 88)

 

Bunları bilmək lazımdır

Tibbi göstərişi olan şəxslər üçün aşağıdakı xüsusi hallarda II dərəcə əlillik müddətsiz təyin edilir:

Ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı, nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə, şizofreniya (paranoidpsixotik halı (remissiya baş verməyən hal)), emosionaliradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası (orta dərəcəli kəmağıllıq(demensiya)), dağınıq skleroz, bir budun güdülü, bir əlin olmaması, beyin maddəsində və ya miokardda yad cismin olması, tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya, heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya.

Tibbi göstərişi olan aşağıdakı xüsusi hallarda III dərəcə əlillik müddətsiz təyin edilir:

Bir əldə üç barmağın olmaması (onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası), birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması (hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması), bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, baldırın güdülü (pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası), topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti (aşağı ətraf funksiyasının pozulması ilə), hər iki topuğun ankilozu və ya kəskin kontrakturası, bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı (aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu), bir aşağı ətrafın 7 sm qısa olması, diz və ya bud-çanaq oynaqlarının endoprotezi, üçüncü-dördüncü dərəcə kifoskolioz (kəskin funksiya pozuntusu), əlin və ya pəncənin iflici, bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması), çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları, hipofizarnanizm (osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq), hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri, subklinik əlamətlərlə gedən hemofiliya, subklinik əlamətlərlə gedən talassemiya minor, anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə, kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq ) qüsuru, nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması (birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə), bir ağciyərin olmaması, gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya), etiologiyasından asılı olmayaraq şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi