Asan Aç

İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığortaolunana əlavə sığorta ödənişinin verilməsi

İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (istehsalatda əmək xəsarəti) kimlər və hansı sənədə əsasən maddi məsuliyyət daşıyırlar?

İstehsalatda bədbəxt hadisə baş verdikdə təqsirkar müəssisə, idarə və təşkilatlar (işəgötürənlər) təhqiqat aktına əsasən işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.

 

Təqsirkar müəssisə hansı formada maddi məsuliyyət daşıyır?

Zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir.

 

Zərərçəkənə hansı ödənclər edilir?

Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.

 

Əmək xəsarətinə görə dəyən zərər hansı sənədlər olduqda ödənilməlidir?

İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);

İşçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının qərarı və yaxud ölümü haqqında şəhadətnamə.

 

Zərərçəkmiş şəxsin əmək xəsarəti nəticəsində əmək qabiliyyətini itirməsi və onun göstəriciləri ilə bağlı qərarı hansı qurum müəyyən edir?

TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin itirilmə müddətini, dərəcəsini, əlillik dərəcəsini, sağlamlıq imkanları məhdudluğunu və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.

 

İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə ödənclərin miqdarı necə müəyyən edilir?

Qanunverciliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabında müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir.

 

Zərərçəkənin peşəsinin adı dəyişdirildikdə və ya ləğv edildikdə necə müəyyən olunur?

Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqında müəyyən edilərək hesablanır.

 

Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkili hallarında zərərçəkənə ödənc necə ödənilir?

Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.

 

Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv edilməsi hallarında zərərçəkənə ödənc necə ödənilir?

Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir.

 

Zərərçəkənə dəymiş zərərə görə ödənclərin növləri və miqdarı hansılardır və nə qədərdir?

İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir;

Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir;

İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.

 

Zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınırmı?

 

Zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir).

 

Zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər necə müəyyən edilir?

Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:

Ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;

Şəxsin ölümündən sonra doğulmuş uşağı;

Ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq;

Ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər;

Zərərin əvəzi aşağıdakılara ödənilir:

Yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək;

On səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, iyirmi üç yaşınadək;

Əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük;

Əlilliyi olan şəxslər - əlillik müddəti üçün;

Ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.

 

Zərərçəkmiş şəxslərə zərərə görə aylıq ödənclər nə vaxtdan ödənilir ?

Zərər çəkmiş işçilərə istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən ödənilir.

 

İşçinin vəfatı ilə əlaqədar olaraq aylıq ödənclər hansı vaxtdan ödənilir?

İşçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq ödənilir.

 

Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında hansı müddətlər nəzər alınır?

Zərərə görə aylıq ödəncin (zərərçəkən vəfat etdikdə) miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır (ümumi məbləğin 12-yə bölünməsi yolu ilə hesablanır).

 

Əmək zəmanəti

TSEK istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin aşağıdakılara ehtiyacı olub-olmadığını müəyyən edir:

Sağlamlığa xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əlavə xərclərə;

Müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə;

Başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə;

Xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə.

 

İşləməyən əlilliyi olan şəxslər üçün TSEK-in verdiyi rəydə nələr öz əksini tapır?

TSEK işləməyən əlilliyi olan şəxslərin peşəyönümü üçün tövsiyə olunacaq əmək fəaliyyətində onun səhhətinə mənfi təsir göstərə biləcək mütləq və nisbi əks göstəriş sayılan istehsalat şəraitinə və amillərinə uyğun olaraq aşağıdakıları müəyyən edərək rəy verir:

Əmək zəmanəti;

İşləyən əlilliyi olan şəxslərin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olan hallar;

Şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi halları.

 

Əlavə sığorta ödənişi dedikdə nə başa düşülür?

 

Əlavə sığorta ödənişi, zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar aşağıdakı çəkdiyi xərclərin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır:

Müalicəyə;

Əlavə qidalanmaya;

Dərman alınmasına;

Protezləşdirməyə;

Başqasının qulluğuna;

Sanatoriya-kurort müalicəsinə;

Xüsusi nəqliyyat vasitələri əldə edilməsinə;

Başqa peşəyə hazırlanmaya görə.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi