Asan Aç

Birdəfəlik sosial müavinətlər

Sosial müavinət nədir?

Ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və birdəfəlik ödənilən pul vəsaitidir.

 

Müavinət almaq hüququ olan şəxslər kimlərdir?

Azərbaycan Respublikasının vətəndaşları

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər

 

Sosial müavinətlərin təyin olunması üçün müraciətin edilməsi

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST” mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

 

Sosial müavinətlərin təyin olunmasına baxılması müddəti

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

 

Birdəfəlik sosial müavinətlərin növləri

- Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;

- Uşağın anadan olmasına görə müavinət;

- Dəfn üçün müavinət ;

- Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinət.

 

1.Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət

 

Müavinət hansı halda təyin olunur?

Şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərar təqdim edildikdə

 

Müavinət hansı müddətə təyin edilir?

Hər il müalicə üçün müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyət vəsiqəsi

2

Şəxsin radiasiya (Çernobıl AES) qəzasının ləğvində iştirak etməsini və həmin qəzadan zərər çəkməsini təsdiq edən əlillik haqqında tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış

3

Çernobıl AES qəzası iştirakçılarının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının tibbi-sosial ekspert komisiyyasının müayinə aktından çıxarış

4

Çernobıl AES qəzasının ləğvində iştirak etmiş şəxslərin qəzadan sonra doğulmuş uşaqlarının sağlamlıq imkanlarının məhdudluğunun qəza ilə əlaqədar olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi

 

Müavinətin məbləği neçə manatdır?

237 manat

 

2. Uşağın anadan olmasına görə müavinət

 

Müavinət hansı halda təyin olunur?

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə

 

Müavinət hansı müddətə təyin edilir?

Uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

 

Müavinətin məbləği neçə manatdır?

200 manat

 

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd toplanılmadan proaktiv qaydada təyin edilir.

Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunur.

 

3. Dəfn üçün müavinət

Müavinət hansı halda təyin olunur?

Dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs, Əmək pensiyaçısı vəfat etdikdə

Müavinətin məbləği nə qədərdir?

Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Sosial müavinət və ya işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə isə 300 manat məbləğində dəfn üçün birdəfəlik müavinət ödənilir.

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı
1

Müavinət alan şəxsin dəfnini təşkil edən şəxsin şəxsiyyət vəsiqəsi

2

Müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsi

3

Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı

4

Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

 

4. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinət

Müavinət hansı halda təyin olunur?

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə - qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edildikdə

 

Müavinətin məbləği nə qədərdir?

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik müavinəti verilir.

 

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyət vəsiqəsi

2

Cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı

3

Məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surətI

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi