Asan Aç

Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası

Əmək pensiyası nədir?

Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir.

 

Əmək pensiyası almaq hüququ olan şəxslər kimdir?

Azərbaycan Respublikasının vətəndaşları

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər

 

Əlilliyə görə əmək pensiyası almaq üçün nə etmək lazımdır?

 

Əlilliyə görə əmək pensiyası hər hansı bir dövlət qurumuna müraciət edilmədən, sənəd təqdim edilmədən proaktiv qaydada təyin olunur. Pensiya proaktiv qaydada təyin edilmədikdə tələb olunan sənədləri qeydiyyatı üzrə müvafiq "DOST" mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət etmək lazımdır.

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu

2

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər:

 - Əmək kitabçası

 - Hərbi biletin surəti və ya SHXÇDX-dən arayış

3

Şəxsin əlilliyini və ya sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı

 

Ailə başçısını itirməyə görə əmək pensiyası almaq üçün nə etmək lazımdır?

Ailə başçısını itirməyə görə əmək pensiyası proaktiv qaydada təyin olunur. Pensiya proaktiv formada təyin edilmədikdə tələb olunan sənədlər ilə  qeydiyyatı üzrə müvafiq "DOST" mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət etmək lazımdır.

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu

2

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər:

 - Əmək kitabçası

 - Hərbi biletin surəti və ya SHXÇDX-dən arayış

3

Ailə başçısının ölüm haqqında şəhadətnaməsi (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

4

Nikah haqqında şəhadətnamə

5

Pensiya almaq hüququ olan ailə üzvlərinin doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri

6

Vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynin və ya digər qanuni nümayəndəsinin (babası, nənəsi, qardaşı, bacısı, qəyyumu, himayəçisi) şəxsiyyətini təsdiq edən sənəd

7

 Vəfat etmiş şəxsin 18 yaşından yuxarı (əyani təhsil alanlar təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarının təhsil alması barədə arayışı

8

Vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı övladının əlilliyi olan şəxs, ərinin (arvadının) I və ya II dərəcə əlilliyi olan şəxs olması barədə tibbi-sosial ekspert komissiyasının qərarı

Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri

Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

 

Sığortaolunanın sığorta stajına əlavə olaraq aşağıdakı müddətlər daxil edilir:

 

İşçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;

Yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;

Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;

İşsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət;

İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;

Zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;

Şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət;

Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

 

Bunları bilmək lazımdır

Əlilliyə görə əmək pensiyası I dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, tələb olunan sığorta stajı olduqda təyin edilir.

Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədər I dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində baş verdikdə təyin edilir.

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

► Vəfat etmiş və ya həlakolmuş şəxslərin övladları:

18 yaşına çatmamış;

18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;

Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək.

► Ata, ana, ər, arvad müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II dərəcə əlilliyi olan şəxsdirsə;

► Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad) yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.

Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır.

Ögey ata və ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdirlər. Ögey oğulun, ögey qızın doğma övladlarla bir səviyyədə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 (on) gün müddətində baxılmaqla əmək pensiyası təyin edilir.

Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda pensiya təyin olunmasından imtina edilməsi barədə qərar 5 (beş) gün ərzində imtina səbəbləri göstərilməklə ərizəçiyə göndərilir.

Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir.

Ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə müavinət almaq hüququna malikdir.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi