Asan Aç

Sosial sığorta

Sosial sığorta nədir? 

Sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Sosial sığorta hadisəsinin baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.

 

Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:

Pensiya yaşına çatmaq;

Əlilliyin müəyyən edilməsi;

Ailə başçısını itirmək;

Hamiləlik və doğum;

Uşağın anadan olması;

Uşağa qulluq;

Ölüm;

Sanatoriya-kurort müalicəsi zərurəti;

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

 

Sığortaedənlərin hüquqları

Sosial sığortanın bütün formalarında iştirak etmək;

Könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək;

Sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək.

 

Sığortaedənlərin vəzifələri

Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;

Sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20- dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək;

Hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək;

Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Sığortaolunanların hüquqları

Yaşayış və ya iş yeri üzrə dövlət sosial sığortası sistemində fərdi uçotu həyata keçirən müvafiq orqanda fərdi şəxsi hesabında əks olunan məlumatları almaq;

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq orqanda onun özü haqqında fərdi uçot üçün sığortaedənin təqdim etdiyi məlumatların surətini sığortaedəndən almaq;

Fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadığı hallarda həmin məlumatların dəqiqləşdirilməsi barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq orqana və ya sığortaedənə ərizə ilə müraciət etmək;

Fərdi şəxsi hesabında əks olunan məlumatlar dəyişdikdə, ərizə ilə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya sığortaedənə müraciət etmək;

Onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək;

Könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək;

Sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək;

Sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq.

 

Sığortaolunanların vəzifələri

Sosial sığorta haqqını vaxtında ödəmək;

Sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək;

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında uçota düşmək;

Sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə qanunvericiliyə əsasən onun fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları təqdim etmək;

 

Məcburi dövlət sosial sığorta haqqı dərəcələri

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda olan sığortaolunanlar üçün aylıq gəlirdən-cəmi 25 % (6 manat + 200 manatdan çox olan hissənin 10 faizi sığortaolunan, 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi sığortaedən) miqdarında

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının:

Bakı şəhərində 100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

digər şəhərlərdə 80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

kənd yerlərində 50 faizi miqdarında.

Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;

Xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında

Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında;

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək olduqda – 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

 

Könüllü (əlavə) sosial sığorta

Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, bütün idarə, müəssisə və təşkilatlar könüllü (əlavə) sosial sığorta hüququna malikdirlər.

 

Könüllü (əlavə) sosial sığorta müqaviləsi

Könüllü (əlavə) sosial sığorta sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasında həyata keçirilir. Sosial sığorta müqaviləsində tərəflərin hüquq və vəzifələri, sosial sığorta haqqının və sosial sığorta ödəmələrinin məbləği, sığorta hadisəsi, tərəflərin məsuliyyəti, habelə tərəflərin razılığı ilə digər şərtlər göstərilir.

 

Fərdi uçot nədir?

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

Dövlət sosial sığorta sistemində hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır.

 

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqanın hüquqları aşağıdakılardır:

İşəgötürəndən və sığortaolunandan Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;

İşəgötürənin, fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;

İşəgötürənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək.

 

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqanın vəzifələri aşağıdakılardır:

İşəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;

Sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək.

 

Bunları bilmək lazımdır

Sığortaolunanın fərdi uçota alınması və uçotdan çıxarılması-sığortaedən və ya sığortaolunan tərəfindən (Qanuvercilikdə istisina hal olaraq bəzi sığortaolunanların fərdi uçota alınması və uçotdan çıxarılması kağız daşıyıcı vasitəsilə aparılır) onlayn şəkildə həyata keçirilir.

https://www.e-gov.az/az/login/index/?return=/az/ services/read/2750/0

Sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatın verilməsi – e-sosial proqram təminatından qeydiyyatdan keçən vətəndaşlara fərdi şəxsi hesabı barədə məlumat verilir.

https://e-sosial.az/

https://www.e-gov.az/az/login/index/?return=/az/ services/read/2836/0

Sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarına dair izahat verilməsi – şəxsiyyət vəsiqəsini təqdim edən vətəndaşa e-sosial vasitəsilə fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarına dair izahat verilir.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi