Asan Aç

Əlilliyi olan gənclərin peşə-reabilitasiya mərkəzlərinə qəbul edilməsi

Əlilliyi olan gənclərin peşə-reabilitasiya mərkəzlərinə qəbul edilməsi

Müəssisələr barədə ümumi məlumat   

Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzləri irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq, fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə-reabilitasiyasının həyata keçirilməsi və həmin müddət ərzində yaşaması, onlara sosial məişət və tibbi-sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisələridir.

Hazırda sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində bir müəssisə - 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küçəsi 14.

 

Mərkəzə kimlər qəbul edilirlər?

Mərkəzə fiziki və yüngül formalı psixi və əqli pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslər qəbul edilirlər.

İşəgötürənlərin müraciətlərinə əsasən, Dövlət Məşğulluq Agentliyinin təqdimatı ilə Mərkəzdə peşə-reabilitasiyaya cəlb edilmiş şəxslərin ümumi sayının 10 %-dən artıq olmamaq  şərtilə  29 yaşından yuxarı əlilliyi olan şəxslər Mərkəzə qəbul edilə bilərlər.

 

Kimlər mərkəzə qəbul edilə bilməzlər?

Mərkəzə qəbul edilmiş digər şəxslərin həyat və sağlamlıqlarına təhlükə yarada biləcək psixi və əqli pozuntusu və ya yoluxucu xəstəliyi olan şəxslər Mərkəzə qəbul edilmirlər.

 

Mərkəzə qəbul hansı qaydada aparılır?

Şəxslərin Mərkəzə qəbulu onların və ya qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, habelə həmin şəxslərin razılığı ilə digər şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciətinə əsasən həyata keçirilir.

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, şəxsin sağlamlığı haqqında tibbi arayış

3

Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış

4

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil

5

Şəxslərin əlilliyinin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarından çıxarış (bu sənəd elektron informasiya ehtiyatlarından elektron formada əldə etmək mümkün olmadıqda tələb edilir)

 

Mərkəzdə göstərilən xidmətlər

Mərkəzdə əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərə aşağıdakı sosial xidmətlər göstərilir:

Şəxslərin sağlam və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi;

Qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olaraq, şəxslərin geyim, ayaqqabı və yataq dəstləri ilə təmin edilməsi;

Şəxslərin peşə-əmək reabilitasiyasının təşkili məqsədilə hər bir şəxs üçün razılaşdırılmış fərdi reabilitasiya proqramının hazırlanması və həmin proqram əsasında şəxslərin sosial reabilitasiyasının və abilitasiyasının həyata keçirilməsi;

Şəxslərin ilkin tibbi müayinəsi və onlara ilkin tibbi yardımın göstərilməsi;

Stasionar müalicəyə ehtiyacı olan şəxslərin müvafiq müalicə-profilaktika müəssisəsinə yerləşdirilməsinin təmin edilməsi;

Şəxslərin mədəni-asudə vaxtlarının təşkili ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi;

Paraolimpiya üzrə idman məşqlərinin təşkili;

Stomatoloji xidmətin təşkili.

 

Mərkəzdə aşağıdakı peşələr öyrədilir:

Tikiş (3 aylıq kurs)

Toxuculuq (3 aylıq kurs)

Kompüter (3 aylıq kurs)

Kompüter - dizayn (3 aylıq kurs)

Kişi bərbəri (3 aylıq kurs)

Qadın bərbəri (3 aylıq kurs)

Aşbaz köməkçisi (3 aylıq kurs)

Xalçaçılıq (6 aylıq kurs)

Ağac üzərində oyma (6 aylıq kurs)

Rəssamlıq (6 aylıq kurs)

İdman (3 aylıq kurs)

 

Bunları bilmək lazımdır

Mərkəzdə peşə hazırlığı 6-8 nəfərlik qruplar şəklində təşkil olunur. Bəzi peşələr üzrə fənlərin proqramlarının mürəkkəbliyini nəzərə alaraq, həmin peşələr üzrə məşğələlər fərdi qaydada aparıla bilər.

Peşə hazırlığına cəlb edilmiş şəxslər kurs müddəti ərzində üzrsüz səbəbdən 10 gündən artıq dərs buraxdıqda Mərkəzdən kənarlaşdırılırlar. Şəxsin peşə hazırlığına cəlb olunduğu ilk 30 (otuz) gün ərzində onun fiziki vəziyyəti və qavrama qabiliyyətinin seçdiyi peşəyə uyğun olmadığı müəyyən edilərsə, o, peşə hazırlığı rəhbəri və həkimin təqdimatına əsasən digər peşəyə yönləndirilə bilər.

Mərkəzdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ümumrespublika, habelə beynəlxalq yarışları, sərgi və müsabiqələri təşkil edilə bilər.

Eyni şəxs bir peşə üzrə yalnız bir dəfə mərkəzə qəbul olunur. Yeni bir peşə hazırlığı almaq üçün iki ildən sonra müraciət edilir.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi