Asan Aç

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi

Müəssisə barədə ümumi məlumat

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların və müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyasının təşkili, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin sosial reabilitasiyasının və abilitasiyasının həyata keçirilməsi və müəssisəyə stasionar formada qəbul edilmiş bütün bu kateqoriyalardan olan şəxslərin reabilitasiya müddətində müvəqqəti yaşayış yeri ilə təmin olunması, həmçinin müəssisəyə qəbul edilmiş şəxslərə sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətlərinin, sosial-məsləhət yardımının göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir. Müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərir.

 

Ünvanı

Müəssisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km. “33 A” ünvanında yerləşir.

 

Müəssisəyə kimlər qəbul edilirlər?

Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan, 8 yaşdan yuxarı yetkinlik yaşına çatmayanlar; Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslər;

14-18 yaşlı təhsilə cəlb olunmayan və 16-18 yaşlı təhsilə cəlb olunan, görmə qabiliyyəti məhdudluğu olan yetkinlik yaşına çatmayanlar.

 

Aşağıdakı şəxslər müəssisələrə qəbul edilmirlər:

Yoluxucu və psixi xəstəlikləri, həmçinin vaxtaşırı epileptik tutmaları olan şəxslər vəziyyətinə və disforiya hallarına meylli epilepsiya xəstəliyi olan şəxslər.

 

Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar (uşaqlar) üzrə proses

 

Müəssisəyə qəbul üçün müraciətin edilməsi

Müəssisəyə qəbul edilmələri məqsədilə uşaqlar şəxsən özləri və ya şəhər, rayon polis orqanının və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın səlahiyyətli nümayəndəsi, bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə uşağın razılığı ilə digər şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciət edirlər

 

Tələb olunan sənədlərin siyahısı
1

Uşağın ərizəsi və ya şifahi müraciəti

2

Uşağın arzusunun nəzərə alınması, onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın arzusu nəzərə alınmaqla, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslərin ərizələri

3

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciət məktubu;

4

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil

5

Sosial reabilitasiyaya ehtiyacı olan uşaqların, onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında şəhər, rayon polis orqanının qərarı

Qeyd: Müraciət etmiş və ya yönləndirilmiş uşaqda onun müəssisəyə qəbul edilməsinə maneə yaradan xəstəliklərin olub-olmamasının müəyyən edilməsi məqsədilə o, ilkin tibbi müayinədən keçirilməsi üçün tibb məntəqəsinə göndərilir. Tibbi müayinənin nəticəsinə əsasən, tibb məntəqəsi tərəfindən yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış təqdim edilir.

 

Reabilitasiya müddəti

Müəssisədə reabilitasiya müddəti 90 (doxsan) gündür.

 

Müəssisədə göstərilən xidmətlər

Uşaqların ilkin tibbi müayinəsi və onlara ilkin tibbi yardımın göstərilməsi;

Uşaqların psixo-sosial vəziyyətinin ilkin qiymətləndirilməsi;

Stasionar müalicəyə ehtiyacı olan uşaqların müalicə-profilaktika müəssisələrinə göndərilməsinin təmin edilməsi;

Həkim rəyinə əsasən uşaqların dərman preparatları və tibbi təyinatlı digər vasitələrlə təmin edilməsi;

Uşaqların emosional vəziyyətinə və davranışına nəzarət edilməsi;

Uşaqların depressiya vəziyyətindən çıxarılması, yaş xüsusiyyətlərinə, yaradıcılıq, intellektual və fiziki imkanlarına uyğun olaraq onlara psixoloji yardımın göstərilməsi;

Pedaqoji korreksiya üçün kompleks tədbirləri təşkil etmək məqsədi ilə uşağın normal və ya ictimai təhlükəli davranışını xarakterizə edən əlamətlərin öyrənilməsi, onun potensialının və meyillərinin, cəmiyyətdən təcrid olunmasının (əgər belə hal varsa) forma və dərəcəsinin müəyyən edilməsi;

Uşaqların özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması;

Uşaqların dünyagörüşünün genişləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;

Uşaqların sadə əmək vərdişlərinə və müxtəlif peşələrə yiyələnməsinə köməklik göstərilməsi, müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, peşə meyillərinin aşkar edilməsi, peşəyönümü məsləhətlərinin verilməsi, əmək qabiliyyətli olduqda onların məşğulluqlarının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;

Fiziki və əqli qabiliyyətlərinə uyğun olaraq uşaqların təhsil almalarına köməklik göstərilməsi;

Uşaqların mədəni-asudə vaxtının təşkili ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi;

Uşaqların hüquqlarının müdafiə edilməsi, onlara qarşı hüquq pozuntusu törətmiş şəxslərin müəyyən olunması üçün peşəkar yardımın göstərilməsi;

Sənədlərin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, işlə təmin olunması üçün lazım olan sənədlər və s.) əldə edilməsinə köməklik göstərilməsi;

Uşaqların mütəmadi profilaktik tibbi müayinədən keçirilməsinin təmin edilməsi.

 

Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslər üzrə proses

Müəssisəyə qəbul üçün müraciətin edilməsi

Şəxslərin müəssisəyə qəbulu onların şəxsən və ya Azərbaycan Respublikasının daxili işlər orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin belə şəxsləri müəyyənləşdirərək həmin orqanların səlahiyyətli nümayəndələrinin bu orqanların göndərişləri əsasında şəxslərin müəssisəyə qəbul edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciətlərinə əsasən həyata keçirilir.

Tələb olunan tibbi sənəd

Şəxsin müəssisəyə qəbul edilməsinə maneə yaradan xəstəliklərin olub-olmamasının müəyyən edilməsi məqsədilə o, tibb məntəqəsinə yönləndirilir və tibbi müayinənin nəticəsinə əsasən, yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, şəxsin sağlamlığı haqqında tibbi arayış təqdim edilir. Tələb olunan tibbi sənəd - arayışa əsasən, sağlamlığı aşkar şübhə doğuran şəxslər ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilirlər.

Müəssisədə xidmət müddəti

Müəssisədə şəxslərin reabilitasiya müddəti 180 (yüz səksən) gündən çox olmamaqla müəyyən edilir. Müəssisədə reabilitasiya müddəti başa çatmış şəxs pensiya yaşına çatmışsa, o, öz arzusu ilə ahıllar üçün sosial xidmət müəssisəsinə yerləşdirilə bilər.

Müəssisədə göstərilən xidmətlər

Şəxslərin ilkin tibbi müayinəsi və onlara ilkin tibbi yardımın göstərilməsi;

Şəxslərin psixo-sosial vəziyyətinin ilkin qiymətləndirilməsi;

Stasionar müalicəyə ehtiyacı olan şəxslərin müalicə-profilaktika müəssisələrinə göndərilməsinin təmin edilməsi;

Həkim rəyinə əsasən şəxslərin dərman preparatları və tibbi təyinatlı digər vasitələrlə təmin edilməsi;

Şəxslərin emosional vəziyyətinə və davranışına nəzarət edilməsi;

Sənədlərin (şəxsiyyət vəsiqəsi, əmlak məsələləri ilə bağlı sənədlər, işlə təmin olunması üçün lazım olan sənədlər və s.) əldə edilməsinə və itirilmiş sənədlərinin bərpasına, habelə pensiya və digər sosial ödənişlərin alınmasına köməklik göstərilməsi;

Şəxslərin psixoloji zədələrinin aradan qaldırılması, sosial statuslarının bərpası, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyalarının təmin edilməsi məqsədilə psixo-sosial dəstək və məsləhət yardımının göstərilməsi;

Fiziki və əqli qabiliyyətlərinə uyğun olaraq, şəxslərin peşə hazırlığının, yenidən hazırlığının təşkili və məşğulluqlarının təmin edilməsinə köməklik göstərilməsi;

Şəxslərin mədəni-asudə vaxtının təşkili ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi;

Şəxslərə hüquqlarının müdafiə edilməsi məqsədilə hüquqi məsləhət yardımının, onlara qarşı hüquq pozuntusu törətmiş şəxslərin müəyyən olunması üçün peşəkar yardımın göstərilməsi;

Şəxslərin mütəmadi profilaktik tibbi müayinədən keçirilməsinin təmin edilməsi.

 

Görmə qabiliyyəti məhdudluğu olan yetkinlik yaşına çatmayanlar (uşaqlar) üzrə proses

 

Müəssisəyə qəbul üçün müraciətin edilməsi

Müəssisəyə qəbul olunmaq üçün uşaqların valideynləri (və ya qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciət edirlər.

 

Müəssisədə xidmət müddəti

Müəssisədə xidmət müddəti uşağın fərdi reabilitasiya proqramına uyğun olaraq, lakin 90 (doxsan) gündən artıq olmamaqla müəyyən edilir.

Fərdi reabilitasiya proqramı üzrə nəzərdə tutulmuş məqsədlərə nail olunduqda müəssisədə uşağın reabilitasiya müddəti başa çatmış hesab olunur.

 

Müəssisədə göstərilən xidmətlər

Uşaqların ilkin tibbi müayinəsi və onlara ilkin tibbi yardımın göstərilməsi;

Müəssisəyə stasionar formada qəbul edilmiş, stasionar müalicəyə ehtiyacı olan uşaqların müalicə-profilaktika müəssisələrinə göndərilməsinin təmin edilməsi;

Psixo-sosial vəziyyətin ilkin qiymətləndirilməsi və sosial-psixoloji yardımın göstərilməsi;

Brayl əlifbasının öyrədilməsi;

Ayaq hissiyatının artırılması və əl ağacından istifadənin öyrədilməsi;

Fiziki və əqli qabiliyyətlərinə uyğun olaraq uşaqların peşə hazırlığının və yenidən hazırlığının təşkili;

Uşaqların mədəni-asudə vaxtının təşkili ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi.

 

Tələb olunan sənədlərin siyahısı
1

Uşağın şəxsiyyətini təsdiq edən sənəd

2

Uşağın görmə imkanı məhdudluğunu təsdiq edən tibbi-sosial ekspert komissiyasının sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi barədə qərarından çıxarış (bu sənəd elektron informasiya ehtiyatlarından elektron sənəd şəklində əldə etmək mümkün olmadıqda tələb edilir)

3

Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış

4

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi