Asan Aç

Sanatoriya – kurort putyovkaları

Sanatoriya-kurort putyovkası (yollayışı) nədir?

Sanatoriya – kurort putyovkası (yollayışı) imtiyazlı şəxslərin sanatoriya və kurortlarda sanatoriya-kurort müalicəsi və istirahəti üçün dövlət tərəfindən təmin edilən qiymətli sənəddir.

 

Kimlər Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması üçün imtiyazlı şəxslər hesab edilirlər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli qərarına əsasən, Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilməsi üçün aşağıda qeyd olunanlar imtiyazlı şəxslər hesab edilirlər:

- İşləməyən əlilliyi olan şəxslər

- Sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş uşaqlar

- II Dünya Müharibəsinin iştirakçıları

- Şəhid ailəsi statusu almış ailənin üzvü olan şəxslər

- Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsində iştirak etmiş işləməyən vətəndaşlar

- Qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar

- Fövqəladə hallarda insanların xilas edilməsində və tibb yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar

 

Putyovkanın (yollayışın) əldə edilməsi üçün nə etmək lazımdır?

Putyovkanın (yollayışın) əldə edilməsi məqsədilə imtiyazlı şəxslər yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin struktur bölməsinə və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciət edirlər.

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

İmtiyazlı şəxs olduğunu təsdiq edən müvafiq sənəd*

3

Müalicə profilinə uyğun sahə poliklinikasından sanator-kurort kartası**

*- 2014-cü ildən sonra əlillik təyin edilən vətəndaşlardan əlilliyi təsdiq edən TSEK sənədi tələb edilmir. 2014-cü ildən əvvəlki illərdə əlillik təyin edilən vətəndaşlardan isə bu sənəd istənilir.

**- İstirahət üçün müraciət edildiyində bu sənədə ehtiyac yoxdur.

 

Putyovkaların (yollayışların) verilməsi prosesi necə tənzimlənir?

Putyovkalar (yollayışlar) növbəlilik əsasında verilir. Vətəndaş qeyd edilən sənədləri Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzinə təqdim etdiyi gündən etibarən növbəyə götürülür və növbəsi çatdıqda onunla əlaqə saxlanılaraq bu barədə məlumat verilir.

 

Bunları bilmək lazımdır

I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud uşağın müşayiətçiyə ehtiyacı vardırsa, tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasında "müşayiətçiyə ehtiyacı vardır" sözləri yazılır və bu zaman həmin şəxs və onu müşayiət edən şəxs ayrı-ayrılıqda putyovka (yollayış) ilə təmin edilirlər.

Putyovkadan (yollayışdan) istifadə edən şəxs geri qayıtdıqdan sonra müalicə olunduğu və ya istirahətdə olduğu idarə, müəssisə, təşkilat və orqanlar tərəfindən ona verilmiş "geri qayıtma" talonunu qeydiyyatın aparılması məqsədilə ona sanator-kurort putyovkasını (yollayışını) vermiş müvafiq quruma və ya “DOST” mərkəzinə təqdim etməlidir. Bu talon yollayışın istifadəsini təsdiq edən sənəd kimi saxlanılır.

 

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi