Asan Aç

Təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqların sosial xidmət müəssisələrinə qəbul edilməsi

Müəssisələr barədə ümumi məlumat

Təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi, onların sosial reabilitasiyalarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisələridir.

Müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərirlər.

Hazırda təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M. Əzizbəyov küçəsi 84.

2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi

Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi 17.

 

Müəssisələrə kimlər qəbul edilirlər?

Müəssisələrə psixi və yüngül formalı əqli pozuntuları olan sağlamlıq imkanları məhdud, təhsilə cəlb oluna bilməyən 5-18 yaşlı uşaqlar qəbul edilirlər.

Aşağıdakı şəxslər müəssisələrə qəbul edilmirlər

Yoluxucu və onkoloji xəstəlikləri, habelə ayda 5 dəfədən çox qıcolma ilə müşayiət olunan epilepsiya xəstəliyi və ürəkkeçmə sindromu olan uşaqlar müəssisəyə qəbul edilə bilməzlər.

Müəssisələrə qəbul üçün müraciətin edilməsi

Uşaqların müəssisəyə qəbulu onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), qohumlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, habelə uşağın razılığı ilə digər şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” ərizə ilə müraciətinə əsasən həyata keçirilir.

 

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış

3

Uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış

4

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil

5

Uşağın əlilliyinin qiymətləndirilməsi barədə tibbi sosial ekspert komissiyasının qərarından çıxarış (bu sənəd elektron informasiya ehtiyatlarından elektron formada əldə etmək mümkün olmadıqda tələb edilir)

 

Müəssisələri tərk etmək

Müəssisələrdə xidmətə götürülmüş uşaqlar aşağıdakı hallarda müəssisələri tərk edə bilərlər:

-Uşağın səhhətində onun müəssisədə saxlanılmasına maneə törədən dəyişiklik baş verdiyi halda (bu zaman onlar müəssisədən çıxarılaraq müvafiq müalicə profilaktika müəssisələrinə göndərilirlər);

-Uşağın yaxın qohumları tərəfindən onun müəssisədən buraxılması ilə əlaqədar müraciət ərizəsi yazıldıqda.

 

Müəssisələrdə göstərilən xidmətlər

 

Bunları bilmək lazımdır

Uşaqların yataq otaqları ilə təmin edilməsi onların yaşlarına, cinsinə və sağlamlıq vəziyyətlərinə əsasən həyata keçirilir.

Uşaqlar müəssisələrə müvəqqəti və ya 18 yaşına qədər müddətə qəbul edilirlər.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi