Asan Aç

İnsan alveri qurbanlarına yardım

İnsan alveri qurbanlarının sosial reabilitasiyasının təşkil edilməsi Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi

 

İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi

İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir və insan alveri qurbanlarına yaşından, cinsindən və tələbatlarından asılı olaraq hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji reabilitasiya və psixoloji korreksiyası, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur. İnsan alveri qurbanları və potensial insan alveri qurbanları onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatların verilməsi, hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi , habelə onların sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qayıtmalarına köməklik göstərilməsi məqsədilə insan alveri qurbanlarına yardım mərkəzlərinə (bundan sonra – yardım mərkəzləri) qəbul edilirlər.

Yardım mərkəzlərində reabilitasiya tədbirləri qəbul edilmiş hər bir şəxs üçün tərtib edilmiş fərdi sosial reabilitasiya planına əsasən həyata keçirilir.

Yardım mərkəzlərində insan alveri qurbanlarına və potensial insan alveri qurbanlarına hüquqlarının bərpa edilməsi üçün hüquqi yardım, eyni zamanda, onlara və ailələrinə alınmış psixoloji travmanın aradan qaldırılması məqsədi ilə psixoloji yardım göstərilir.

Həmçinin mərkəzlərdə qəbul edilmiş şəxslərin tibbi-sosial reabilitasiyası, yəni orqanizmin pozulmuş, yaxud itirilmiş funksiyaların bərpasına yönəlmiş müalicəvi tədbirlərin həyata keçirilməsi, onların xəstəliyinin, alınmış xəsarətlərin nəticələrinin aradan qaldırılması, psixoloji, fizioloji və anatomik pozuntuların tam və ya qismən bərpası üzrə tədbirlər görülür.

İnsan alveri qurbanları burada peşə hazırlığı və məşğulluq ilə təmin oluna, təhsillərinin davam etdirilməsi ilə bağlı köməklik ala bilərlər.

Müraciət etmiş şəxsin insan alverinin qurbanı olması ehtimal olunduqda, o, mərkəz tərəfindən müvəqqəti sığınacaqda təmin edilir.

Yardım mərkəzlərində qəbul edilmiş şəxslərin şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına, təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi və ya fiziki şəxsə məlumat verilmir.

İnsan alverinin qurbanı uşaqlar olduqda yardım mərkəzləri tərəfindən onlar barəsində qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya dərhal məlumat verilir.

Hal-hazırda insan alveri qurbanlarının və potensial insan alveri qurbanlarının sosial reabilitasiyasının təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi fəaliyyət göstərir.

Yardım mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi

Məişət zorakılığından zərər çəkmiş şəxslər (bundan sonra - zərər çəkmiş şəxslər) sosial- psixoloji, hüquqi, tibbi,psixoloji, xidmətlərin, habelə sosial-məsləhət yardımının göstərilməsi məqsədi ilə yardım mərkəzlərinə qəbul edilirlər.

Yardım mərkəzlərində şəxsiyyətin konfidensiallığı təmin edilməklə, zərər çəkmiş şəxsin xahişi (razılığı) ilə ona zəruri yardım göstərilir, müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin olunur, habelə psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun aparılması məqsədi müvafiq icra hakimiyyəti orqanına məlumat göndərilir

Yardım mərkəzlərinin fəaliyyət istiqamətlərinə zərər çəkmiş şəxslərə psixoloji və hüquqi yardım göstərmək, pozulmuş və yaxud itirilmiş funksiyaların bərpasına yönəlmiş müalicəvi tədbirləri həyata keçirmək, onların zorakılıqdan aldıqları xəsarətlər nəticəsində yaranmış psixoloji, fizioloji və anatomik pozuntuları tam və ya qismən bərpa etmək daxildir

Yardım mərkəzlərində həmçinin zərər çəkmiş şəxslərin işlə təmin edilmələrinə, yeni peşələrə yiyələnmələrinə kömək göstərilir. Yardım mərkəzləri tərəfindən eyni zamanda zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasına, sosial ödənişlərin alınmasında müvafiq kömək göstərilir.

Zərər çəkmiş şəxslərin müvəqqəti sığınacaqla təmin edilməsi və onların ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlərin həyata keçirilməsi də Yardım mərkəzlərinin fəaliyyət istiqamətlərinə daxildir.

Yardım mərkəzlərində reabilitasiya tədbirləri qəbul edilmiş hər bir şəxs üçün tərtib edilmiş fərdi sosial reablitasiya planına əsasən həyata keçirilir.

Yardım mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

Bunları bilmək lazımdır:

Zərər çəkmiş uşaqlar yardım mərkəzlərində 3 (üç) ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 (iki) ay müddətinədək cinayət təqibini həyata keçirən orqanın və ya məişət zorakılığı barədə şikayətə baxan orqanın göndərişi əsasında sığınacaqla təmin olunurlar.

Sığınacaqla təminetmə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə həyata keçirilir. Uşaq sığınacaqda yerləşdirilərkən onun hüquq və mənafelərini müdafiə edən şəxsin iştirakı da təmin edilir. 10 (on) yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.

Zərər çəkmiş uşaqlar barədə yardım mərkəzləri tərəfindən dərhal yardım mərkəzinin yerləşdiyi ərazinin qəyyumluq və himayə orqanına, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilir.

Yardım mərkəzlərində uşaqlar sığınacaqla ayrıca təmin edilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, sığınacaqda valideynləri (uşağın valideynləri tərəfindən məişət zorakılığına məruz qalmasına güman edildiyi hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslər ilə birlikdə yerləşdirilə bilər. Burada uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın valideynləri tərəfindən məişət zorakılığına məruz qalmasına güman edildiyi hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.

Yardım mərkəzlərində sığınacaqla təmin edilmiş məişət zorakılığından zərər çəkmiş şəxslərə telefonla danışmaq və tərcüməçinin xidmətlərindən istifadə etmək imkanı yaradılır. Konfidensial söhbət aparılması üçün bu mərkəzlərdə xüsusi yerlər ayrılır.

Yardım mərkəzlərində zərər çəkmiş şəxslərə layiqli həyat şəraitinin yaradılması, onların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, təhlükəsizliyinin qorunması təmin edilir.

Yardım mərkəzlərində həftənin bütün günlərində (24 saat ərzində) telefon yardım xətti fəaliyyət göstərir.

Yardım mərkəzlərində daxili intizam qaydalarını qərəzli şəkildə pozan şəxslər mərkəzin müdiriyyəti tərəfindən vaxtından əvvəl yardım mərkəzində verilmiş sığınacaqdan çıxarılırlar.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi