DOST Agentliyində SƏTƏM (sağlamlıq və əməyin təhlükəsizliyi) siyasəti mühüm yer tutur. Bu siyasət əmək şəraitinin təhlükəsizliyini təmin etmək, xidmət etdiyimiz vətəndaşların, qonaqların, işçilərimizin sağlamlığını qorumaq və əməyin təhlükəsizliyi sahəsində müvafiq qanunvericiliyə riayət etmək məqsədi güdür.
Bu məqsədlərə çatmaq üçün biz aşağıda qeyd edilən prinsiplərə sadiq qalırıq. Belə ki:
- Əməkdaşlarımızı və fəaliyyətlərimizin təsirinə məruz qalan bütün digər tərəfləri qorumaq üçün təhlükəsiz və sağlam iş yeri şəraitinin yaradılmasına üstünlük vermək;
- SƏTƏM ilə əlaqədar yerli qanunlara, qaydalara və standartlara ciddi şəkildə riayət etmək, əməliyyatlarımızın bütün aspektlərinin qanuni tələblərə uyğunluğunu təmin etmək, eyni zamanda ən yaxşı beynəlxalq təcrübələri inteqrasiya etmək və tətbiq etmək;
- Əməliyyatlarımızı ISO 45001 və ISO 14001 standartlarına uyğunlaşdırmağa çalışmaq, beynəlxalq səviyyədə tanınmış əməyin mühafizəsi, təhlükəsizlik idarəetmə təcrübələri və ətraf mühitin idarə edilməsi sistemlərinə sadiqliyimizi nümayiş etdirmək;
- İşə nəzarət sistemi üzrə təlimlər də daxil olmaqla, zəruri daxili və xarici təlimlər verməklə işçilərimizin SƏTƏM və texnoloji təhlükəsizlik prinsiplərini və onların təhlükəsizlik baxımından kritik olmalarını başa düşməsini təmin etmək;
- Cavabdehlik mədəniyyətini inkişaf etdirmək üçün təşkilatın bütün səviyyələrində aydın məsuliyyətlərin müəyyən edilməsi;
- Liderlik mədəniyyətini təşviq etmək, əməkdaşlara istənilən vaxt istənilən təhlükəli davranışı və ya işi dayandırmaq və hesabat vermək səlahiyyətinin verilməsi;
- Fövqəladə hallara hazırlıq və cavab tətbirləri planlarının hazırlanması və həyata keçirilməsi;
- Bütün qəza-xilasetmə, yanğınsöndürmə və təhlükəsizlik baxımından son dərəcə vacib olan avadanlıqların qanuni tələblərə və istehsalçıların tövsiyələrinə uyğun olaraq müntəzəm monitorinqini, yoxlanılmasını və texniki qulluğunu təmin etmək;
- Strukturlaşdırılmış təhlillər və xarici maraqlı tərəflərlə əlaqə vasitəsilə SƏTƏM İdarəetmə Sistemimizin, performansımızın və mədəniyyətimizin davamlı təkmilləşdirilməsinə nail olmaq;
- Aydın və ölçülə bilən hədəfləri və məqsədləri müəyyən etməklə, performansı yoxlamaq, nəzərdən keçirmək, monitorinq etmək və hesabat verməklə SƏTƏM performansını daim təkmilləşdirmək üçün səy göstərmək.
Eyni zamanda təhlükələri aradan qaldırmaq, həmçinin risklərin praktiki cəhətdən mümkün qədər aşağı səviyyəyə endirmək məqsədilə:
- Potensial təhlükələri təxmin etmək və azaltmaq üçün təhlükəsizlik prinsiplərini tətbiq etmək;
- Resursların qorunması, tullantıların azaldılması və davamlı təcrübələrin təşviqi vasitəsilə ətraf mühitə təsirlərin minimuma endirilməsi;
- Agentliyin Ətraf Mühit Mühafizəsi Tədbirlər Planına uyğun olaraq ətraf mühitin çirklənmə dərəcəsinin azaldılmasını təmin etmək;
- Müntəzəm SƏTƏM görüşləri, davranışa əsaslanan təhlükəsizlik sistemi, paylaşılan audit və yoxlama nəticələri, kollektiv müzakirələr və s. vasitəsilə əməkdaşların fəal iştirakını və məsləhətləşmələrini həvəsləndirmək.
Bu öhdəlikləri yerinə yetirmək üçün biz mövcud prosedurları, siyasətləri və tələbləri davamlı olaraq nəzərdən keçirmək və inkişaf etdirməklə mövcud SƏTƏM İdarəetmə sistemimizi tətbiq edəcəyik. Bu siyasətin icrası və monitorinqinin təmin olunması DOST Agentliyinin, “DOST” Mərkəzlərinin və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərinin rəhbər şəxslərinə həvalə edilir.
Mən bununla bildirirəm ki, SƏTƏM prinsiplərinə riayət etmək, fəaliyyətimizin davamlılığı və uğuru üçün çox vacibdir və biz əməliyyatlarımız çərçivəsində bu standartlardan güzəştə getməyəcəyik.
DOST Agentliyinin, “DOST” Mərkəzlərinin və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərinin bütün rəhbər şəxsləri bu siyasətin yerinə yetirilməsinə görə hər biri ayrı-ayrılıqda cavabdehlik daşıyır və bütün sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi məsələlərinə tam cavabdeh olacaqlar. Bütün əməkdaşlar bu siyasətin həyata keçirilməsinə kollektiv və şəxsi məsuliyyət daşıyırlar.