Bu gün, 15 oktyabr xalqımız üçün qürurverici, tariximizə qızıl hərflərlə yazılan əlamətdar günlərdən biridir. 2003-cü ilin həmin günündə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçərək, ölkəmizin yeni sürətli və hərtərəfli inkişaf mərhələsinə keçidini, qalibiyyət zirvəsinə doğru inamla irəliləməsini təmin etdi. Ötən dövr ərzində bütün sahələrdə ardıcıl tarixi uğurlara imza atan Azərbaycan dünyanın nüfuzlu və Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildi. Ən başlıcası isə xalqımızın müqəddəs arzusu gerçəkləşdi - Ordusunu daim gücləndirən Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi, beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edildi.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”. 44 günlük müharibədəki tarixi Zəfərimizdən 3 il sonra, 2023-cü ilin sentyabrın 20-də isə uğurlu hərbi əməliyyatlarla 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ölkəmizin Xankəndi şəhərindəki separatçı-terrorçu xunta rejiminə son qoyuldu. 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağının ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi oldu.
Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən Prezident İlham Əliyev deyib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Prezident İlham Əliyev ölkəmizin davamlı sosial inkişafını da təmin edib. Bu il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, sosial sahədə görülmüş işlər də göz qabağındadır: “2003-cü ildə bizim minimum əməkhaqqı, - bəlkə də çoxlarının yadında deyil, - 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta aylıq pensiya 500 manatdan çoxdur. Orta aylıq əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var”.
Qeyd edək ki, xüsusilə son beş ildə dövlətimizin başçısının tapşırıqları ilə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb. Nəticədə minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişləri 5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfəyə yaxın, əmək haqqı fondu 2,8 dəfə artıb, 10 yeni sosial ödəniş növü təsis edilib. Əmək müqavilələrinin sayında 500 mindən və ya 40 faizdən çox artıma nail olunub.
2019-cu ilin mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 160 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradan, dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilən mühüm sosial uğurlardan biridir. Son illərin mühüm sosial uğurlarından biri olaraq dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması da təmin edilib. Nazirliyin 160 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektronlaşıb. 50-dən çox proaktiv xidmət, E-sosial portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.
Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də mühüm addımlar atılır. Həmin kateqoriyalardan olan şəxslərə yönələn sosial ödənişlərdə təkcə son beş ildə orta hesabla 2,5-3 dəfə artım təmin edilib. Onların mənzil və fərdi evlə təminatı proqramı postmüharibə dövründə 5 dəfə genişlənib. Həmin dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6,2 min, ümumən ötən dövrdə 15 mindən çox mənzil və fərdi ev təqdim edilib. Eləcə də postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528, ümumən ötən dövrdə 7,7 mindən çox avtomobil verilib və bu istiqamətlərdə tədbirlər qarşıdakı dövrdə də davam edəcək.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi