Rüşvət əleyhinə siyasət

TƏRTİB EDƏNLƏR

Struktur bölmə/ASA

Kodlaşma

Tarix

Hüquq departamenti

DA-HQ

29.10.2021

BAXIŞ KEÇİRƏNLƏR

Struktur bölmə/ASA

Kodlaşma

Tarix

Keyfiyyətin idarə edilməsi üzrə koordinator  

DA-KK

01.11.2021

Risklərin idarə edilməsi və daxili nəzarət departamenti

DA-DN

08.11.2021

Vətəndaş müraciətləri və sənədlərlə iş departamenti

DA-VM

15.11.2021

 

1. Ümumi müddəalar

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində və “DOST” mərkəzlərində Rüşvət əleyhinə siyasət Azərbaycan Respublikası Cinayət Məcəlləsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq korrupsiyaya yol verilməməsi, qarşısının alınması qaydalarını müəyyən edir.

Bu siyasətin müvafiq müddəalarında qeyd olunmuş prosedur qaydaları istinad edilmiş normativ hüquqi aktlarla ziddiyyət təşkil edərsə, həmin normativ hüquqi aktlar tətbiq edilir.

Hazırki siyasətin məqsədi Agentlikdə tətbiq edilən rüşvət və korrupsiya qaydalarına uyğunluğu təmin etmək və Agentliyin işinin sosial məsuliyyətli bir şəkildə aparılmasının təmin edilməsinə nəzarət mexanizminin formalaşdırılmasını təmin etməkdir.

Bu siyasətin prinsipləri Agentliyin və Mərkəzlərin rəhbər və işçi heyətinin açıq və şəffaf fəaliyyətini əks etdirir, onların iş mühitində etik standartları, ən yüksək təcrübə və korporativ idarəetmə standartlarını qəbul etmək və Agentliyin işgüzar nüfuzunun yüksək səviyyədə təmin edilməsinə xidmət edir.

     
2. Təriflər, anlayışlar və qısaltmalar

Siyasət - Rüşvət əleyhinə siyasət;

Agentlik - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi;

Mərkəzlər - “DOST” mərkəzləri;

Korrupsiya - Şəxsin öz vəzifəsindən və ya çalışdığı qurumun statusundan, həmçinin vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və s. nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və s. nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd edilməsi yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxsin ələ alınmasıdır.  

Rüşvət - Bir vəzifəli şəxsə verilən maddi və sair nemət, imtiyaz və ya güzəşt yaxud bu barədə təklif və ya vəd;

Hədiyyə - vəzifəli şəxsin xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan maddi və ya qeyri-maddi sərvət;

Monitorinq - Agentliyin Aparatının və Mərkəzlərin fəaliyyəti ilə əlaqəli proseslərin davamlı müşahidə edilməsidir. 

 
3. Bəyanat

  • Agentliyin və Mərkəzlərin fəaliyyəti “bir pəncərə”, vətəndaş məmnunluğu, şəffaflıq, operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulmuşdur. İş münasibətlərində ədalətli, dürüst və peşəkar davranış sərgilənməklə rüşvət və korrupsiya ilə mübarizə istiqamətində mövcud olan bütün effektiv vasitə və imkanların tətbiqi təmin edilir.
  • Agentlik və Mərkəzlərin fəaliyyətində əməkdaşlar korrupsiya hüquqpozmaları ilə bağlı öz məsuliyyətini dərk edir, bu sahədə Azərbaycan Respublikasının qanunvericilik aktlarının, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və beynəlxalq standartların tələblərini rəhbər tuturlar.

 
4. Siyasətin əhatə dairəsi

  • Əhatə dairəsi

Bu siyasət Agentliyin əməkdaşları, subpodratçılar, mal və ya xidmət satanlara, Agentliyin alt və üst qurumları, xidmətlərimizin istifadəçiləri tərəfindən, habelə vəzifəli şəxslər də daxil olmaqla əlaqədə olduğumuz bütün dövlət qurumlarıyla qarşılıqlı fəaliyyət zamanı nəzərə alınmalıdır.

Bu siyasət aşağıdakıları əhatə edir:

  • Korrupsiya ilə əlaqədar hüquqpozma hallarını;
  • Hədiyyə və sadə qonaqpərvərlik;
  • Ödənişlər;
  • İanələr;
  • Müqavilədən kənar ödənişlər;
  • Xeyriyyə tədbirləri.
  • Korrupsiya ilə əlaqədar hüquqpozma halları

Agentlik və Mərkəzlərin əməkdaşlarına vəzifəsindən asılı olmayaraq əməkdaşlıq edilən, eyni zamanda xidmət istifadəçisi olan bütün hüquqi və fiziki şəxslərə münasibətdə rüşvət almağın və ya verməyin qadağan edilməsi və buna müvafiq olaraq Azərbaycan Respublikasınının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət tədbirləri izah edilmişdir.

  • Hədiyyə və sadə qonaqpərvərlik

Agentliyin və Mərkəzlərin əməkdaşları işgüzar münasibətlər zamanı xidmətlərdən istifadə edən istənilən hüquqi, fiziki və ya vəzifəli şəxsdən hədiyyə və ya sadə qonaqpərvərliklə bağlı maddi və sair nemətlər və ya güzəştlər qəbul edə bilməzlər.

  • Ödənişlər

Agentlik öz əməkdaşlarına əmək haqqı verməklə yanaşı həvəsləndirmə sistemlərinin tətbiqini təmin edir. Agentliyin işgüzar münasibətlərdə olduğu hüquqi və ya fiziki şəxslərdən əlavə ödənişlər tələb edilməsi (ödənişli xidmətlərə görə verilən ödənişlər istisna olmaqla) qadağandır.

  • İanələr

Agentlik tərəfindən maddi və maliyyə vəsaitlərinin qanunsuz olaraq siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna bağışlanılması yolverilməzdir.

  • Müqavilədən kənar ödənişlər

Müqavilə bağlanılması üzrə və yaxud müqavilə bağlandıqdan sonra bir sıra üstünlük və ya imtiyaz əldə etmək üçün müqavilədən kənar nağd pul, mallar, xidmətlər, hədiyyələr və ya digər formalarda ödənişlərin edilməsi yolverilməzdir.

Müqavilə üzrə ödənişin edilməsinə baxmayaraq, mal və xidmətlərin təhvil verilməməsi və ya təhvil verilmiş kimi göstərilməsi, müqavilə bağlanılması təklifini qəbul etmiş şəxsin əvəzinə müqavilədən kənar ödənişlər etmiş digər şəxslə müqavilənin bağlanılması, mal və xidmətlər üçün şişirdilmiş qiymətlərin müqavilədə göstərilməsi, Agentliyin fəaliyyəti üçün lazım olmayan mal və xidmətlərin alınmasına razılığın verilməsi və s. kimi məqsədlər üçün ödənişlərin edilməsi qadağandır.

  • Xeyriyyə tədbirləri

Agentlik xeyriyyəçilik fəaliyyətini təşviq edir, xeyriyyə tədbirlərinin təşkili və həyata keçirilməsində, habelə həmin tədbirlərdə fəal iştirak edir. Lakin Agentliyin, eyni zamanda onun əməkdaşları tərəfindən korrupsiya halını gizlətmək məqsədli xeyriyyə ödənişləri və ya ianələrdən istifadə edilməsinə yol verilmir.

İctimaiyyət Agentliyin adından həyata keçirilən bütün xeyriyyəçilik fəaliyyətləri barədə kütləvi informasiya vasitələri və digər platformalar üzərindən məlumatlandırılmalıdır.

 
5. Rüşvət əleyhinə siyasət ilə bağlı öhdəliklər

  • Agentliyin əməkdaşları rüşvət əleyhinə siyasətlə Agentliyin vətəndaş müraciətləri və sənədlərlə iş sahəsində fəaliyyəti həyata keçirən struktur bölməsi tərəfindən işgüzar elektron poçt ünvanları vasitəsilə məlumatlandırılır. Eyni zamanda Siyasət Agentliyə məxsus rəsmi veb-sayt (website) informasiya platforması üzərindən (dost.gov.az) paylaşılır.
  • Bu Siyasətin həyata keçirilməsi ilə bağlı Agentliyin Aparatının və Mərkəzlərin bütün əməkdaşlarının aşağıda göstərilən öhdəlikləri vardır:
    • Vicdanlı davranış – əməkdaşlar bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, digәrlәrinə münasibətdə özü ilә davranılması arzu olunan şәkildә – peşәkar vә әdalәtli tәrzdә davranmalıdır.
    • Korrupsiyanın qarşısının alınması - qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, əməkdaş onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əməkdaşa ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməlidir.
    • Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər - əməkdaş xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, yaxud bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda sadə qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən (əlli beş manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Əməkdaş hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. Fiziki və ya hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı əməkdaşın xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəşt və ya imtiyazlar əldə etməsi qadağan olunur.

 
6. Monitorinq və hesabat

  • Agentliyin rəhbərliyi bu siyasətin effektivliyinin izlənilməsindən məsul olmaqla, tətbiqini mütəmadi nəzərdən keçirərək korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısını almaq üçün təşkil edilmiş daxili nəzarət sistem və prosedurlarının praktik olaraq təsirli olmalarını təmin etmək məqsədilə müntəzəm yoxlamalar həyata keçirir. Eyni zamanda Agentlik bu siyasətin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görməklə yanaşı, əməkdaşlar tərəfindən bu siyasətin inkişaf etdirilməsi ilə bağlı təkliflərinin birbaşa rəhbərlərinə təqdim edilməsinə şərait yaradır.
  • Agentliyin risklərin idarə edilməsi və daxili nəzarət sahəsində fəaliyyəti həyata keçirən struktur bölməsi tərəfindən müvafiq siyasətin prinsip və tələblərinə riayət edilməsi, Agentliyin fəaliyyətində tətbiq olunan qanunvericilik aktlarına uyğunluğu ilə bağlı vaxtaşırı monitorinqlər keçirilməsi təmin edilir və qeyd olunanlara müvafiq hesabatlar tərtib edilir.

 

7. Risklərin qiymətləndirilməsi

  • Agentliyin risklərin idarə edilməsi və daxili nəzarət sahəsində fəaliyyəti həyata keçirən struktur bölməsi Agentliyin Aparatı və Mərkəzlərin fəaliyyətlərindəki korrupsiyaya dair risk göstəricilərini və korrupsiya üçün potensial iş şəraitlərini müəyyənləşdirməklə rüşvət riskinin qiymətləndirilməsinin mütəmadi olaraq aparılmasını təmin edir.
  • Agentlik korrupsiya ilə bağlı qanunsuz əməllərdə iştirak edə biləcək hər hansı bir tərəf ilə əməkdaşlıq etmək riskini minimuma endirmək üçün tədbirlər görür. Bu məqsədlə Agentlik tərəfin öz rüşvət əleyhinə siyasət və prosedurlarına sahib olmasını, habelə rüşvətə qarşı fəaliyyətini qiymətləndirir.

 

8. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə

  • Əməkdaşlar Agentliyin Aparatı və Mərkəzlərdə korrupsiya ilə bağlı hüquqpozmalar aşkar etdikdə yaxud buna əsaslı şübhələr müəyyən etdikdə bu haqda dərhal dost_compliance@sosial.gov.az elektron poçt vasitəsilə açıq və ya anonim şəkildə Agentliyin risklərin idarə edilməsi və daxili nəzarət sahəsində fəaliyyəti həyata keçirən struktur bölməsinin rəhbərinə məlumat verməlidirlər.
  • Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
  • Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda, məlumatı verən şəxs həmin məlumatı birbaşa olaraq Agentliyin rəhbərliyinə təqdim etmək hüququna malikdir. Agentliyin rəhbərliyi belə məlumatların qəbul edilməsini, qeydə alınmasını və qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
  • Agentliyin rəhbərliyi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən əməkdaşların hüquqlarının qorunmasına, hər hansı təzyiqlərə məruz qalmayacağına təminat verir.

9. Təlim və kommunikasiya

Agentliyin insan resursları və təlim sahəsində fəaliyyəti həyata keçirən struktur bölməsi tərəfindən hazırki siyasətin tətbiq edilməsinin, Agentlik əməkdaşları tərəfindən siyasətin tələblərinə düzgün əməl edilməsinin təmin edilməsi məqsədi ilə müntəzəm olaraq təlimlərin keçirilməsi təmin edilir.

10. Siyasətin pozulmasına görə məsuliyyət

  • Agentlikdə bu siyasətin tələblərinə riayət edilməsinə ümumi nəzarət Agentliyin rəhbərliyi tərəfindən, birbaşa nəzarət isə Agentliyin risklərin idarə edilməsi və daxili nəzarət sahəsində fəaliyyət göstərən struktur bölməsi tərəfindən həyata keçirilir.
  • Agentlikdə və Mərkəzlərdə vəzifələr üzrə məsuliyyət bölgüsü aşağıdakı kimidir:
  • Agentliyin rəhbərliyi bu siyasətin qanunvericiliyin tələblərinə və etik öhdəliklərə uyğun gəlməsini və Agentliyin və Mərkəzlərin əməkdaşlarının bu Siyasətin müddəalarına əməl etməsini təmin etmək üçün ümumi məsuliyyət daşıyır.
  • Keyfiyyətin idarə edilməsi üzrə koordinator bu siyasətin tətbiq edilməsi, effektivliyinin ölçülməsi və nəzarətinin təmin edilməsinə münasibətdə məsuliyyət daşıyır.
  • Agentlikdə Rüşvət əleyhinə siyasətin və bu sahəyə şamil edilən qanunvericilik aktlarının tələblərinə əməkdaşlar tərəfindən əməl edilib-edilməməsinə nəzarəti risklərin idarə edilməsi və daxili nəzarət sahəsində fəaliyyət göstərən struktur bölmə həyata keçirilir.
  • Əməkdaşlar Agentlikdə şahidi olduqları korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatları Agentliyin risklərin idarə edilməsi və daxili nəzarət sahəsində fəaliyyəti həyata keçirən struktur bölməsinin rəhbərinə təqdim etməmələrinə görə məsuliyyət daşıyırlar.
  • Agentliyin əməkdaşları hazırki siyasətin tələblərinin pozulmasına səbəb ola biləcək hərəkət və ya hərəkətsizliklərdən çəkinməlidirlər.
  • Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
  • Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri Azərbaycan Respublikası Əmək Məcəlləsi, Azərbaycan Respulikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu, bu siyasət ilə və digər qanunvericilik aktları ilə tənzimlənir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi