Sosial məsuliyyət haqqında siyasət

TƏRTİB EDƏNLƏR

Struktur bölmə/ASA

Kodlaşma

Tarix

Keyfiyyətin idarə edilməsi üzrə koordinator  

DA-KK

29.10.2021

BAXIŞ KEÇİRƏNLƏR

Struktur bölmə/ASA

Kodlaşma

Tarix

Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr departamenti

DA-SP

01.11.2021

İnsan resurslarının idarə edilməsi və təlim departamenti

DA-İR

08.11.2021

Hüquq departamenti

DA-HQ

15.11.2021

Risklərin idarə edilməsi və daxili nəzarət departamenti

DA-DN

22.11.2021

Vətəndaş müraciətləri və sənədlərlə iş departamenti

DA-VM

29.11.2021

     1. Ümumi müddəalar

Hazırki siyasətin müddəaları Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin bütün struktur bölmələrinin fəaliyyətlərinə şamil edilir.

Agentliyin fəaliyyəti zamanı hazırlanan prosedurlar, təlimatlar, qaydalar, siyasətlər və digər sənədlər hazırki siyasətlə ziddiyyət təşkil etməməli, hazırki siyasət isə müəssisədə tətbiq edilən yerli və beynəlxalq standartların tələbləri və Agentliyin təşkilati-hüquqi sənədləri ilə uyğunluq təşkil etməlidir.

Hazırki siyasət və onun müddəaları, təsdiq edilməsi barədə qərar qəbul edildiyi andan tətbiq edilir və məcburidir.

Hazırki siyasət Agentliyin daimi sənədidir və bu siyasətə dəyişikliyin edilməsi yalnız İdarə Heyətinin təqdimatı əsasında Müşahidə Şurasının qərarı ilə həyata keçirilə bilər.

Bu siyasət Agentliyin Müşahidə Şurası tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Müşahidə Şurasının qərarı əsasında etibarsız hesab edilir.

Bu siyasətin müddəalarına riayət olunmasına nəzarət Agentliyin risklərin idarə edilməsi və daxili nəzarət sahəsində fəaliyyət göstərən struktur bölməsinə həvalə edilir.

  1. Təriflər, anlayışlar və qısaltmalar

    Siyasət - Sosial məsuliyyət haqqında siyasət;

    Agentlik - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi;

    Mərkəzlər - “DOST” mərkəzləri;

    DİM - Dayanıqlı İnkişaf Məqsədləri.

  2. Məqsəd
    • Agentliyin sosial məsuliyyətlə bağlı mövqeyinin formalaşdırılması və maraqlı tərəflərin diqqətinə çatdırılması;
    • Davamlı inkişaf aspektlərinin Agentliyin idarəetmə sisteminə və qeyri-maliyyə hesabatlarına inteqrasiyası;
    • Agentliyin ekoloji təhlükəsizlik problemlərinin həllinə töhfəsi kimi korporativ sosial məsuliyyətin əsas prinsip və yanaşmalarının sistemləşdirilməsi;
    • Agentliyin fəaliyyət göstərdiyi regionlarda iqtisadi inkişaf və sosial sabitliyin təmin edilməsi;
    • Agentliyin məsuliyyətli tərəfdaş kimi reputasiyasının gücləndirilməsi.
  3. Siyasətin əhatə dairəsi
    • Əhatə dairəsi

    İnnovasiyaların tətbiqini təmin etməklə “bir pəncərə”, operativ sosial sahədə xidmətlərin həyata keçirilməsi, struktur bölmələr arasında koordinasiyanın düzgün təşkil edilməsi fəaliyyətini həyata keçirən Agentlik İSO 26000:2010 Sosial Məsuliyyət standartının tətbiq edilməsini bəyan edərək aşağıdakı prinsipləri əsas tutur:

    • Şəffaflıq;
    • Hesabatlılıq;
    • Etik davranış;
    • Maraqlı tərəflərin maraqlarına hörmət;
    • Maraqların toqquşmasının qarşısının alınması;
    • Qanunun aliliyinə hörmət;
    • Beynəlxalq davranış normalarına hörmət;
    • İnsan hüquqlarına hörmət;
    • Regionların xüsusiyyətlərinə hörmət;
    • Korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi;
    • Şəffaflıq

    Agentlik qəbul etdiyi qərarların və fəaliyyətlərinin ətraf mühitə, iqtisadiyyata və cəmiyyətə təsirinə, habelə gözlənilən və gözlənilməz mənfi təsirlərin təkrarlanmasının qarşısını almaq üçün görülən tədbirlərə görə məsuliyyət daşımağı öhdəsinə götürür və bunları aydın, dəqiq, vaxtında, vicdanlı və tam şəkildə maraqlı tərəflərə çatdırmağa çalışır.

    Agentlik müvafiq tənqidləri açıq şəkildə qəbul etməyə hazırdır və həmçinin bu cür tənqidlərə cavab vermək öhdəliyini öz üzərinə götürür.

    Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2016-cı il tarixli 1066 nömrəli Fərmanına əsasən Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

    Agentlik DİM-i dəstəkləyir və öz fəaliyyətində DİM-in 16 nömrəli məqsədi - “Sülh, ədalət və səmərəli institutlar”ını rəhbər tutur. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaradılması ilə şəffaflıq və sosial sahədə xidmətlərə bərabər çıxış təmin edilmiş, “bir pəncərə” modelinin tətbiqi və e-gov.az platformasına inteqrasiyası ilə möhkəm institusional baza yaradılmışdır.

    • Hesabatlılıq

    Agentlik öz fəaliyyətində cəmiyyətə, iqtisadiyyata və ətraf mühitə təsir göstərən qərar və fəaliyyətlərində şəffaf olmağa, məsuliyyət daşıdığı siyasət və qərarları başa düşülən, dəqiq və tam şəkildə açıqlamağa çalışır və bu sahədə öz məsuliyyətini dərk edir.

    Agentlik maraqlı tərəflərə təşkilatların qərarlarının və fəaliyyətlərinin təsirini dəqiq qiymətləndirməyə və faktlar əsasında qərar qəbul etmək imkanı vermək üçün məlumatları əlçatan və başa düşülən formada vaxtında açıqlamağa çalışır.

    • Etik davranış

    Agentlik ən yaxşı beynəlxalq təcrübələrə əsaslanaraq korporativ mədəniyyəti təkmilləşdirmək üçün açıq, dürüst və vicdanlı davranışlar üzrə yüksək etik standartlara riayət edir.

    Agentlik korporativ mədəniyyətin əsas dəyərlərini və etik prinsiplərini formalaşdırmaq üçün etik davranış standartlarını qəbul edir, işçilər, təchizatçılar, podratçılar arasında prinsiplərə riayət olunmasına səy göstərir, təlimlər təşkil edir və təşkilatda qeyri-etik davranışa səbəb ola biləcək münaqişələrin qarşısını almaq və ya həll etmək məqsədi ilə bütün maraqlı tərəfləri bu hazırki siyasətin tələblərinə riayət etməyə təşviq edir.

    • Maraqlı tərəflərin maraqlarına hörmət

    Agentlik fəaliyyətinin səmərəliliyinin ədalətli rəftara, bütün maraqlı tərəflərə hörmətə və maraqlı tərəflərin inamına əsaslandığını dərk edir və bu məqsədlə Agentlik maraqlı tərəflərin maraqlarına hörmət edir, onları nəzərə alır və onlara vaxtlı-vaxtında cavab verməyə çalışır.

    Agentlik öz maraqlı tərəflərini müəyyən edir, onların maraqlarını, gözləntilərini, hüquqlarını tanıyır, lazımi qaydada nəzərə alır, onların ifadə etdiyi narahatlıqlara vaxtlı-vaxtında cavab verir və bütün maraqlı tərəflərin maraqlarının balansını qorumağa çalışır.

    • Maraqların toqquşmasının qarşısının alınması

    Agentliyin əməkdaşları maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Əməkdaşlar maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görməlidirlər.

    Təşkilatın inzibati binasında təşkilatın maraqlarına zidd olan və işçilərin öz işlərini yerinə yetirmələrinə mane olan hər hansı bir hərəkət, xidmət proseslərini pozan və təhlükə altına qoyan çağırışlar aparılması qadağandır.

    Agentliyin əməkdaşları təşkilatın maraqları dairəsindən çıxış edərək, çərçivə daxilində hərəkət etməli, onları qurmalı, konfidensial informasiyaların yayılmasına yol verməməli, təşkilatın maraqlarına zidd olan təbliğat və təşviqat işləri ilə məşğul olmamalıdır.

    • Qanunun aliliyinə hörmət

    Agentlik öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq həyata keçirir.

    Bunun üçün Agentlik fəaliyyət göstərdiyi sahəyə şamil olunan bütün hüquqi aktların tələblərinə əməl edir, fəaliyyətinə aid qüvvədə olan bütün qanunların və digər normativ hüquqi aktların uyğunluğunu vaxtaşırı yoxlayır və Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnamə ilə tənzimlənən hüquqi öhdəliklərdən xəbərdardır.

    Mövcud qanunvericiliyə əlavə olaraq Agentlik korporativ sosial məsuliyyət sahəsində və davamlı inkişaf sahəsində daxili sənədlərinin müddəalarında təsbit olunmuş bütün öhdəliklərini yerinə yetirir.

    • Beynəlxalq davranış normalarına hörmət

    Agentlik öz fəaliyyətində beynəlxalq davranış standartlarına riayət etməyə çalışır. Qanunvericilik və digər aktlarda müvafiq tələblər nəzərdə tutulmadığı hallarda öz fəaliyyətində beynəlxalq davranış normalarının tələblərini rəhbər tutmağa çalışır.

    Agentlik bu prinsipi dəstəkləyərək DİM-in 17 nömrəli “Məqsədlər üçün tərəfdaşlıq” məqsədini həyata keçirir. Beynəlxalq təcrübəni nəzərə alaraq, texnologiyalara və biliklərə çıxışı təmin etməklə davamlı inkişafı təşviq edir, habelə həssas əhali qruplarının hüquqlarının təşviqinə dair Agentlik həm yerli, həm də beynəlxalq qurumlar ilə əməkdaşlıq edir.

    • İnsan hüquqlarına hörmət

    Agentlik irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət edir, ayrı-seçkiliyi qınayır və bu hallara yol verən şəxslərə qarşı qanunvericiliyin müəyyən etdiyi qaydada müvafiq tədbirlər görməyi öz öhdəsinə götürür.

    Agentlik Beynəlxalq insan hüquqları normalarında müəyyən edilmiş hüquqlara hörmət edir, insan hüquqlarına hörmət etmək üçün tədbirlər görür və bütün maraqlı tərəflərin hüquqlarına hörmət edilməsini təşviq edir. Qanunvericiliyin özündə və ya onun tətbiqində insan hüquqlarının beynəlxalq insan hüquqları normalarına uyğun olaraq qorunmadığı hallarda Agentlik BMT-nin insan hüquqları üzrə prinsiplərinə əməl edir.

    Beləliklə, DİM-in 5 nömrəli “Gender bərabərliyi” və 10 nömrəli “Bərabərsizliyin azaldılması” Agentliyin fəaliyyətində öz əksini tapır. Agentlik istisna olmadan hər kəsə universal xidmətlər göstərir və öz fəaliyyətində universallıq, inklüzivlik və əlçatanlıq prinsiplərinə əməl edir. Əlavə olaraq, Agentlik bütün əməliyyat və fəaliyyətlərində gender bərabərliyini təşviq edir və qoruyur: xidmətlər bütün istifadəçilərə eyni keyfiyyət və müddətlə təqdim olunur. Agentlik qadınların sosial müdafiəsi və məşğulluğuna diqqət yetirməklə müxtəlif layihələr həyata keçirir və insan resursları siyasətində gender bərabərliyini təşviq edir.

    Agentlik insan hüquqlarının pozulması risklərini mütəmadi olaraq qiymətləndirir, bu istiqamətdə müvafiq resursları təmin edir.

    • Regionların xüsusiyyətlərinə hörmət

    Agentlik fəaliyyət göstərdiyi regionların sosial-iqtisadi, iqlim və mədəni xüsusiyyətlərini, mentalitetini nəzərə alır və fəaliyyətə başlamazdan əvvəl bütün regionların sosial, ekoloji və iqtisadi problemlərinin statistikası əsasında qiymətləndirmə aparır.

    • Korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi

    Yüksək keyfiyyətli korporativ idarəetmədə şəffaflığın və maraqlı tərəflərin etimadının artırılması məqsədi ilə Agentlik korporativ idarəetmə sistemini ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdıraraq təkmilləşdirilmək istiqamətində müvafiq tədbirlər görür.

     

  4. Davamlı inki̇şaf sahəsi̇ndə Agentli̇yi̇n əsas isti̇qamətləri̇ və korporati̇v sosi̇al məsuli̇yyəti̇n həyata keçiri̇lməsi̇

    Agentlik ətraf mühit, sosial və iqtisadi sahələrdə davamlı inkişaf prinsiplərinə riayət edir. Fəaliyyətlərinin səmərəliliyini artırmaq korporativ sosial məsuliyyətin davamlı inkişaf etdirilməsi üçün aşağıdakı əsas istiqamətləri müəyyən etmişdir:

    • Ətraf mühit üzrə məsuliyyət;
    • Əməyin mühafizəsi;
    • İnsan resurslarının idarə edilməsi;
    • Mental dəyərlərə hörmət.
    • Ətraf mühit üzrə məsuliyyət

    Agentliyin fəaliyyət sahəsi ətraf mühitə mənfi təsir göstərə biləcək sahələrdən olmasa da, Agentlik öz fəaliyyəti zamanı yarana biləcək ekoloji aspektlərin qiymətləndirilməsini və həmin ekoloji aspektlərin nəzarət altına alınmasını təmin edir.

    Mərkəzlərin tikintisini həyata keçirən podratçılar tərəfindən göstərilən ərazilərdə əhalinin sağlamlığına, ətraf mühitə mənfi təsirlərin, risklərin qarşısının alınması məqsədi ilə bütün lazımı tədbirləri həyata keçirir və bu sahəyə ciddi nəzarət edirik. Agentlik öz fəaliyyəti zamanı yaranmış tullantıların toplanmasını, müvəqqəti saxlanmasını, daşınmasını və ləğv edilməsini müvafiq yerli və beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirir.

    Ekoloji məsuliyyətin həyata keçirilməsinin əsas istiqamətləri bunlardır:

    • Sudan istifadə və su obyektlərinin mühafizəsi;
    • Atmosfer havasının mühafizəsi;
    • İstehsal və istehlak tullantıları ilə məsuliyyətli davranmaq;
    • Enerjidən səmərəli istifadə və enerjiyə qənaət;
    • Ətraf mühitin monitorinqi.
    • Əməyin mühafizəsi

    Agentliyin əsas prioriteti əməkdaşların iş prosesində həyat və sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin təmin edilməsidir. Agentlik nəticə etibarı ilə fəaliyyət göstərdiyi zaman öz əməkdaşlarının təhlükəsiz həyat və sağlamlığına önəm verir və özünün əsas iş prinsipi hesab edir. Ümumi işin uğurunu təmin edən əsas məqsəd - iş yerlərində əməkdaşlar üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasıdır.

    Əməyin mühafizəsi - əmək fəaliyyəti prosesi zamanı işçilərin həyat və sağlamlığının qorunması sistemidir. Bu sistemə sosial-iqtisadi, hüquqi, texniki-təşkilatçılıq, sanitar-gigiyenik, profilaktik-müalicəvi, reabilitasiya və digər tədbirlər aiddir.

    • Əməkdaşların hüquqları

      Qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşlar əməyin mühafizəsi üzrə aşağıdakı hüquqlara malikdir:

    • Əməyin mühafizəsi tələblərinə uyğun iş yeri ilə təmin olunmaq;
    • Qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi tələblərinin şərtləri pozulduqda, işçinin həyat və sağlamlığına təhlükə yarandığı halda işin icrasından imtina etmək;
    • İcbari tibbi sığorta;
    • Müəssisə hesabına kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunmaq.
    • Agentliyin rəhbərliyi təhlükəsiz iş şəraitinin yaradılması və əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində öz məsuliyyətini tam dərk edir və bu istiqamətdə lazımi tədbirləri həyata keçirir. Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi, əmək qanunvericiliyi, əməyin gigiyenası - əməyin mühafizəsi sisteminin ayrılmaz elementləridir.
    • Mühafi̇zə və təhlükəsi̇zli̇k
    • Agentliyin ərazisinə alkoqollu içki, narkotik vasitələri və digər psixotrop maddələrin və silahın gətirilməsi və istifadəsi qadağandır.
    • İş vaxtı bitdikdən sonra ərazi üzrə təhlükəsizliyə görə mühafizə polisləri cavabdeh və məsuliyyətlidirlər.
    • Kənar şəxslərin Rəhbərliyin müvafiq icazəsi olmadan Agentliyin inzibati binasına girişi qadağandır.
    • Agentlikdən Rəhbərliyin müvafiq icazəsi olmadan hər hansı bir malın, materialın, məhsulun və digər əşyaların çıxarılmasına yol verilmir.
    • Təhlükəsizliyə dair hər hansı bir yol verilmiş qayda pozuntusuna görə xəta törədən şəxs barəsində etik davranış qaydalarına müvafiq olaraq intizam tənbehi tətbiq edilir.
    • İnsan resurslarının idarə edilməsi

    Agentlikdə insan resurslarının idarə olunmasına əsas yanaşma insan resurslarının strateji rəqabət üstünlüklərindən biri kimi qiymətləndirilməsidir.

    Agentlikdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən hər kəsə, təşkilat ədalətli və bərabər imkanlar təqdim olunması siyasətini tətbiq edir. Biz irqi, dini, cinsi mənsubiyyətindən, ailə vəziyyəti, milliyyəti və yaşından asılı olmayaraq, iş yerlərinin tutulması istiqamətində, əməkhaqqının artmasında, təlim almaqda, digər aspektlərin inkişaf olunması istiqamətində hər kəsə eyni, bərabər imkanlar təqdim etməyi öhdəliyimizə götürürük.

    Həmçinin təşkilatımız irqi, dini, cinsi mənsubiyyətindən, ailə vəziyyətindən, milliyyətindən və yaşından asılı olmayaraq, əməkdaşlara qarşı münasibətdə hər hansı bir formada təhqirin olmasını və əməkdaşlara qarşı qeyri-etik davranışı qadağan edir.

    Əməkdaş ayrı-seçkilik hiss etdiyi halda, situasiyadan asılı olaraq dərhal bu barədə birbaşa rəhbərinə, çalışdığı struktur bölmə rəhbərinə və yaxud insan resurslarının idarə edilməsi və təlim sahəsində fəaliyyət göstərən struktur bölməyə məlumat verməlidir.

    Daxil olan hər bir məlumat diqqətlə tədqiq olunacaq, araşdırmanın nəticəsindən asılı olaraq zərurət yarandığı halda, müvafiq tədbirlərin, o cümlədən intizam məsuliyyəti tədbirləri, tənbeh tədbiri tətbiq olunacaq. Keçirilən müzakirələrin konfidensiallığının ciddi şəkildə qorunmasına Rəhbərlik zəmanət verir.

    • Əmək münasibətlərinin rəsmiləşdirilməsi

    Agentlik Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərini və bu sahədə Azərbaycan Respublikasının təsdiq etdiyi beynəlxalq müqavilələrin müddəalarını əsas götürürərək əmək münasibətlərinin rəsmiləşdirilməsi məqsədi ilə əməkdaşla yuxarıda qeyd edilən tələblər əsasında əmək müqaviləsinin bağlanılmasını təmin edir. Əmək müqaviləsi bağlanılarkən işçinin bütün hüquqları nəzərə alınır.

    • İstirahət və fasilə vaxtları

    Agentlikdə həftəlik 40, günlük isə 8 saatdan çox olmamaqla 5 və ya 6 günlük iş həftəsi əmək müqavilələri ilə müəyyən edilmişdir. Bununla yanaşı hər iş günü üçün işçilərə istirahət və 1 saatlıq nahar fasiləsi nəzərdə tutulmuşdur.

    İnzibati binada xüsusi personalla fəaliyyət göstərən bufetlərlə yanaşı hər mərtəbədə mətbəxlər mövcuddur. Fasilələr üçün mətbəxlərdə daima çay və kofe aparatları işlək (isti) vəziyyətdə olur, habelə qidalanma üçün soyuducu və isidicilər əməkdaşların istifadəsindədir. Çağrı mərkəzi 142-nin gərgin iş rejimi nəzərə alınaraq müvafiq inzibati binada xüsusi istirahət zonası vardır. 

    Əmək qanunvericiliyinə uyğun olaraq istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkdaşlara əməkhaqqı aşağıdakı kimi ödənilir:

    • əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
    • əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
    • aylıq maaş alan işçilərə, iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

    İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqı aşağıdakı kimi ödənilməlidir:

    • əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
    • əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

    Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Istirahət və nahar otağında əməkdaşlara istirahət etmək və nahar etmək üçün hər cür lazımi və zəruri şərait Agentliyin Rəhbərliyi tərəfindən təmin edilir.

    Əməkdaşlar, Agentliyin həmkarlar ittifaqının təqdim etdiyi imityazlardan faydalana bilərlər.

    • Məzuni̇yyəti̇n veri̇lməsi̇

    Əmək məzuniyyəti cədvəli işçilərin və rəhbərliyin qarşılıqlı razılığı əsasında tərtib edilir. Bu cədvəl tərtib olunarkən həm işçilərin tələbatları, həm də iş ahənginin düzgün və normal gedişatının təmin olunması nəzərə alınmalıdır.

    Yeni təqvim ili başlayarkən həmin il üçün məzuniyyət cədvəli tərtib olunur.

    İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Sonrakı illəri üçün məzuniyyət təsdiq edilmiş cədvəl və ya işəgötürənlə qarşılıqlı razılaşdırılmış vaxtda verilə bilər.

    İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə 30 təqvim günü əsas əmək məzuniyyəti verilməlidir.

    Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti - 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.

    Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.

    Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

    Əməkdaşlara verilən məzuniyyət müddəti aşağıdakı qaydada müəyyən edilir:

    • Əmək stajına görə əlavə məzuniyyət günlərinin müddəti
    • 5 ildən 10 ilədək əmək stajı olduqda — 2 təqvim günü;
    • 10 ildən 15 ilədək əmək stajı olduqda — 4 təqvim günü;
    • 15 ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
    • Uşaqlı qadınlara verilən əlavə məzuniyyət günlərinin müddəti:
    • 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü;
    • 14 yaşınadək üç və daha çox uşağı olan qadınlara 5 təqvim günü;
    • 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara 5 təqvim günü.

    İşçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə qanuvericilikdə nəzərdə tutulan hallarda onlara ödənişsiz məzuniyyət verilir. Habelə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və əsaslarla əməkdaşlara yaradıcılıq və təhsil məzuniyyətləri, sosial məzuniyyətlər verilir.

    • Uşaq əməyindən istifadə

    Agentliyin fəaliyyətində uşaq əməyindən istifadə edilmir. Agentlikdə 16 yaşından yuxarı olan şəxslər valideynlərinin də icazəsi alındıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız könüllülük fəaliyyətinə cəlb edilə bilər.

    • Nizam - inti̇zam qaydaları və tənbeh tədbi̇rləri̇

    İşçi etik davranış qaydaları, nizam-intizam qaydaları da daxil olmaqla digər daxili qaydalara, tələblərə, habelə funksional sahələr üzrə qanunvericiliyin tələblərinə riayət etmədikdə, əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

    • Töhmət;
    • Sonuncu xəbərdarlıqla şiddətli töhmət;
    • işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsi.

    İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

    İşəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq işçinin əmək müqaviləsinin ləğv edilməsi aşağıdakı hallar baş verdiyi təqdirdə həyata keçirilə bilər:

    • özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
    • alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
    • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
    • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq, iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
    • qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
    • əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
    • əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
    • iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
      • Azərbaycan respublikasinin dövlət bayramlari və hüzn günləri̇:

    1-2 yanvar

    Yeni il bayramı;

    20 yanvar

    Ümumxalq Hüzn Günü;

    8  mart

    Qadınlar Günü;

    5 gün

    Novruz bayramı;

    9 may

    Faşizm üzərində Qələbə Günü;

    28 may

    Müstəqillik Günü;

    15 iyun

    Azərbaycan xalqının Milli Qurtuluş Günü;

    26 iyun

    Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

    2 gün

    Ramazan bayramı;

    2 gün

    Qurban bayramı;

    18 oktyabr

    Müstəqilliyin Bərpası Günü

    8 noyabr

    Zəfər Günü

    9 noyabr

    Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

    31 dekabr

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

     

    • Mental dəyərlərə hörmət

    Agentliyin fəaliyyət sahəsi həssas əhali qrupuna sosial sahədə xidmətin həyata keçirilməsi olmasına baxmayaraq, Agentlik və ya onun struktur bölmələri fəaliyyət göstərdikləri regionların sosial və iqtisadi inkişafı proqramlarını fəal şəkildə həyata keçirir və dəstəkləyir.

    Agentlik fəaliyyət göstərdiyi regionun sosial-iqtisadi vəziyyətinin, respublika əhalisinin məşğulluğunun təmin edilməsi və həyat səviyyəsinin yaxşılaşdırılması, maarifləndirilməsi yönündə regional siyasət həyata keçirir. Daimi olaraq həmin regionda yaşayan insanların maarifləndirilməsi, sosial layihələrə cəlb olunması istiqamətində işlər görür.

     

  5. Səmi̇mi̇li̇k və açıq qapı si̇yasəti̇

    Bizim hər bir əməkdaşımız üçün Agentliyin Rəhbərliyinin kabinetinin qapısı hər zaman açıqdır. Onlar Agentliyin Rəhbərliyi ilə yarana bilən hər hansı problemi müzakirə edə bilər, problemin həlli istiqamətində öz təkliflərini bildirə bilərlər. Hər bir əməkdaş bizim üçün doğmadır. Onlara qarşı münasibətdə biz həmişə öz səmimiliyimizi nümayiş etdiririk və onların qayğısına qalmağı özümüzə borc bilirik. Bu səmimi münasibət ilə biz onların ümidlərini doğrulda, etimadını və etibarını qazanmağa nail ola bilərik.

  6. Təlim və kommunikasiya

    Agentliyin insan resursları və təlim sahəsində fəaliyyəti həyata keçirən struktur bölməsi tərəfindən hazırki siyasətin tətbiq edilməsinin, Agentlik əməkdaşları tərəfindən siyasətin tələblərinə düzgün əməl edilməsinin təmin edilməsi məqsədi ilə müntəzəm olaraq təlimlərin keçirilməsi təmin edilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi