Ümumi sual - cavab

“DOST” mərkəzlərində qeydiyyat məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərilir. "DOST" mərkəzlərinin ünvanı bu linkdə: http://dost.gov.az/dost-centers

“DOST” mərkəzlərində aşağıdakı istiqamətlər üzrə xidmətlər göstərilir:

  1. Əmək münasibətləri sahəsində göstərilən xidmətlər
  2. Əlillik və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması
  3. Məşğulluq  sahəsində göstərilən xidmətlər
  4. Əmək pensiyaları  sahəsində göstərilən xidmətlər
  5. Sosial müavinətlər  sahəsində göstərilən xidmətlər
  6. Ünvanlı dövlət sosial yardımı  sahəsində göstərilən xidmətlər
  7. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri  sahəsində göstərilən xidmətlər
  8. Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində göstərilən xidmətlər
  9. Dövlət icbari şəxsi sığortası sahəsində göstərilən xidmətlər
  10. Sosial xidmət  sahəsində göstərilən xidmətlər
  11. Övladlığagötürmə sahəsində və valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən xidmətlər Funksional yardımçı xidmətlər

Daha ətraflı: http://e-qanun.az/framework/40918

DOST mərkəzlərinin iş qrafiki:

Bazar ertəsi - cümə: 09:00-18:00

Şənbə-bazar: qeyri-iş günü

 

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində, xüsusən DOST mərkəzlərində vakant vəzifələrə işə qəbul bir qayda olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında daxili müsabiqə əsasında həyata keçirilir. Gələcəkdə ehtiyac yarandıqda işə qəbulla bağlı ümumi müsabiqənin elan edilməsi nəzərdə tutulur. Elan saytımızda, sosial şəbəkə hesablarımızda və kütləvi informasiya vasitələrində yerləşdiriləcək və özündə vakant vəzifələr, eləcə də müsabiqənin şərtləri barədə ətraflı məlumatı əks etdirəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, ümumi müsabiqə elan olunduqdan sonra vətəndaşlar müsabiqədə iştirak üçün müraciət edə bilərlər.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- “DOST” mərkəzlərini idarə etmək, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək;

- “DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün tədbirlər görmək;

- “DOST” mərkəzlərinin inkişafını, həmin mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, onların elektron qaydada həyata keçirilməsini və təkmilləşdirilməsini, habelə innovasiyaların tətbiqini təmin etmək;

- Müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə tədbirlər görmək.

Daha ətraflı: https://e-qanun.az/framework/40918

 

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması və bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar məlumat, sorğu və şikayət xarakterli müraciətlər üçün “Çağrı Mərkəzi 142” ilə əlaqə saxlaya bilərlər.

"Könüllü DOST" “DOST” mərkəzlərində könüllü fəaliyyətini həyata keçirən proqramdır. Könüllülər "DOST" mərkəzlərində vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi,müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa sahələrdə fəaliyyət gösətərirlər. Gənclər könüllülük fəaliyyəti ilə həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.

DOST Agentliyi təcrübə qazanmaq istəyən gəncləri “Könüllü DOST” proqramına dəvət edir! Proqrama 16-29 yaşlı gənclər qoşula bilərlər. Könüllülük fəaliyyətinin müddəti 2 aydır və iş 3 növbədə təşkil olunur. Könüllü fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir. “Könüllü DOST” layihəsinə qoşulmaq istəyən gənclər bu müraciət formasını doldura bilərlər: https://bit.ly/2KlHxNe

Tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.

"Könüllü DOST" proqramı və "Üçüncü Bahar" layihəsinin birgə təşkilatçılığı ilə "Gümüşü DOST" altproqramı pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. Proqram yaşlı vətəndaşların mərkəzlərdə könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur.

"Gümüşü DOST"a qoşulmaq istəyənlər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: http://bit.ly/2LGsf80

Evdə və yaxud istənilən başqa məkanda olaraq da DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkündür. Bunun üçün yalnız kompüter, planşet və ya smartfon kifayət edir! “Distant DOST” altproqramına qoşulanlar təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirirlər. Bu altproqram əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından da uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır.

Könüllülərin seçimi məqsədi ilə hər ay müsahibələr keçirilir. Bütün kriteriyalar üzrə könüllü olmaq üçün uyğun görülən şəxslər müsahibəyə dəvət olunur. Dəvət edilməyən şəxslər isə növbəti seçimlər zamanı müsahibəyə çağırılmaq şanslarını saxlayırlar. Belə ki, onlar bir dəfə qeydiyyatdan keçməklə bütün seçimlərdə iştirak edə bilərlər.

Könüllülər uyğun vakansiya olduğu təqdirdə tələb olunan meyarlara cavab verdikdə işlə təmin olunur. Hazırda "DOST" mərkəzlərində könüllü olmuş və DOST Agentliyi, "DOST" mərkəzləri və Çağrı Mərkəzində çalışan bir neçə belə şəxs var.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi