Ölkəmizdə səfərdə olan Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası Direksiyasının müşaviri Andrey Stolyarov, Serbiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Tacikistanın sosial təminat qurumlarının nümayəndələri 1 saylı Bakı DOST Mərkəzində olublar.
Qonaqlar əvvəlcə burada əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə onlara məlumat verilib.
Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. DOST mərkəzlərində ötən dövrdə 3,5 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib.
Görüşdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev, həmçinin DOST Agentliyi və DSMF-nin nümayəndələri iştirak edib.
Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, görüş Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda birgə təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində keçirilib.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi