Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkəmizdə uşaqlara dövlət qayğısının ildən ilə artmasına, eyni zamanda, müvafiq kateqoriyalardan olan uşaqların sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə şərait yaradıb.
Bu gün ölkəmizdə mövcud olan sosial təminat növlərinin bir hissəsi (10-dan çoxu) uşaqlarla bağlıdır.
Belə ki, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları aylıq sosial müavinətlə təmin olunur. Hazırda 83 min ailə üzrə 350 mindən çox ailə üzvü ünvanlı dövlət sosial yardımı alır ki, onlardan 185 minə yaxını uşaqlardır. Həmin ailələrdəki 1 yaşadək uşaqlara aylıq müavinət də verilir.
Eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına aylıq sosial müavinət ödənilir. Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət, həmçinin Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına ildə bir dəfə birdəfəlik müavinət verilir. Ailə başçısını itirmiş ailələrə buna görə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin onların 95 faizdən çoxunu uşaqlar təşkil edir. Bu uşaqlardan sağlamlıq imkanları məhdud olanlara 2020-ci ilin əvvəlindən ailə başçısını itirməyə görə müavinəti və ya ailə başçısını itirməyə görə pensiyanı sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ala bilmək hüququ da verilib. Eyni zamanda sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.
Ümumilikdə sosial təminat növləri üzrə ödəniş edilənlərin 600 minə qədərini uşaqlar təşkil edir.
2019-cu ildə dövlət başçısının Fərmanları ilə bu ödənişlər ciddi şəkildə artırılıb. O cümlədən, sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətin 82 manatdan 150 manata çatdırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, qəyyumlar üçün müavinət hər uşağa görə 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.
Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı reabilitasiya və sosial xidmətlər sistemi də təkmilləşdirilir və genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, hazırda isə Qəbələ və Şəmkir rayonlarında da uşaq reabilitasiya müəssisələri tikilir. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb, Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində nazirliyin Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Son illərdə Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi istifadəyə verilib.
Bununla yanaşı, nazirliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında minlərlə uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi