Asan Aç

Əlilliyi olan şəxslərin hüquqlarının dövlət monitorinqi ilə bağlı ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

21 avqust 2020, 18:12
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının dövlət monitorinqi ilə bağlı ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı Monitorinq Komissiyasının ictimaiyyətin nümayəndələri ilə görüşləri baş tutub. 40-a yaxın ictimai təşkilat nümayəndələri və əlilliyi olan fəallarla görüşün biri 2020-ci il 18 avqust, digəri isə 21 avqust tarixində baş tutub. Görüşlərdə Komissiyanın rəhbəri və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev, Komissiyanın digər üzvləri, o cümlədən ölkədə əlillik sahəsində fəaliyyət göstərən aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai fəallar iştirak ediblər.

Monitorinq Komissiyasının sədri F.Məmmədovun moderatorluğu ilə keçirilən görüşlərdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülmüş işlər, o cümlədən müvafiq sahədə dövlət monitorinqinin təşkilinin məqsəd və vəzifələri, 2020-ci il üzrə tədbirlər planı və onun icra vəziyyəti barədə məlumat verilib. Monitorinqin aparılması üçün təklif olunan metodologiya və pandemiya dövründə monitorinq üsulları rəy və təkliflərin öyrənilməsi üçün ictimai müzakirəyə çıxarılıb.

Tədbiri giriş sözü ilə açan F.Məmmədov sağlamlıq imkanları məhdud olan uşaqların və əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinin Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Bu istiqamətdə institusional, qanunvericilik və insfrastruktur sahəsində kifayət qədər ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

“Bu cür tədbirlərdən biri də Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsidir. Bununla əlaqədar 2020-ci il üçün tədbirlər planı hazırlanıb və ƏƏSMN tərəfindən təsdiq edilib. Tədbirlər planında ictimai iştirakçılığa xüsusi diqqət ayrılıb. Bu görüşün də məqsədi Monitorinq Komissiyası tərəfindən görülən işlər barədə ictimaiyyətə məlumat verilməsi, təkliflərin dinlənilməsi və verilən rəylərin növbəti mərhələlərdə nəzərə alınmasıdır”, - deyə o vurğulayıb.

ƏƏSMN-in Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev Monitorinq Komissiyasının hesabatlılığına toxunaraq Komissiyanın rəy və təkliflərinin də hökumətə təqdim olunacağını, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyini xatırladıb. Onun sözlərinə görə, Monitorinq Komissiyasının fəaliyyətinin ilkin mərhələsində bir sıra ekspertlərlə görüşlər keçirilib.


“Hesab edirəm ki, bu tədbirlər əlilliyi olan şəxslərin hüquqlarının reallaşdırılması sahəsində görülən işlərin ən əhəmiyyətlisidir. Biz nazirlik olaraq ölkə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də işlər aparırıq. Bu sahədə işlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında sizin də rolunuz böyükdür”, - deyə o qeyd edib.

Görüş zamanı ictimai fəallar və QHT nümayəndələri əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üzrə öz rəy və təkliflərini səsləndiriblər.

Sonda QHT nümayəndələri və ictimai fəallarla bu cür görüşlərin davam etdiriləcəyi, səsləndirilən rəy və təkliflərin Komissiya tərəfindən nəzərə alınacağı qeyd edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi ƏƏSMN-ə tapşırılıb. Qərarın icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə dövlət monitorinqinin həyata keçirilməsi üzrə 2020-ci il üçün tədbirlər planı da təsdiq edilib.

Müvafiq olaraq ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və DOST Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb. Komissiya tərəfindən aparılacaq monitorinqin əsas istiqamətləri aşağıdakılardır:

-əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində onlara müyəssər şəraitin yaradılması səviyyəsinə baxış keçirilməsi (iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu);

-inklüzivlik imkanlarının yaradılması sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı vəziyyətin araşdırılması (əlilliyinin növündən, formasından və dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat səviyyəsinin təminatı üçün əlilliyi olan şəxsə müyəssərliyin təmin edilməsi);

-ağlabatan uyğunlaşmanın təmin edilməsi ilə bağlı mövcud vəziyyət və təhlilin aparılması (əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədilə zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi).

- əlilliyə görə ayrı-seçkilik faktlarının aşkar edilməsi və üzə çıxarılması ( bütün sahələr üzrə ayrı-seçkiliyin aşkarlanması və qiymətləndirilməsi) -.

Monitorinqin nəticələri əsasında Komissiya tərəfindən hesabat tərtib edilərək müvafiq qaydada təqdim ediləcək.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi