“Könüllü DOST”lar təşəkkürnamələrlə təltif ediliblər. Onlar "Böyüklərimizi Qoruyaq!" layihəsində fəal iştiraklarına görə təşəkkürnamələrə layiq görülüblər. Təşəkkürnamələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov könüllülərə təqdim edib. Agentliyin inzibati binasında baş tutan tədbirdə Fərid Məmmədov qeyd edib ki, ölkədə elan olunan xüsusi karantin rejimi dövründə “Könüllü DOST”ların ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsində verdikləri dəstək böyük əhəmiyyətə malik olub. 2020-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olunduğunu xatırladan F.Məmmədov “Könüllü DOST”ların da il ərzində fəal olduqlarını vurğulayıb. Fərid Məmmədov, həmçinin könüllü gənclərə peşə və karyera ilə bağlı tövsiyyələrini də dilə gətirib.
Layihədə iştirak edən Elşən Əhmədov və Nərmin Nadirli layihə barədə təəssüratlarını bölüşüb və göstərdikləri xidmətlər barədə məlumat veriblər. "Böyüklərimizi Qoruyaq!" layihəsi barədə videoçarx nümayiş olunduqdan sonra təşəkkürnamələr layihə iştirakçılarına təqdim edilib. Xatırladaq ki, “Böyüklərimizi Qoruyaq” layihəsi ölkəmizdə elan olunan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə, yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxmasına qadağa qoyulduğu 3 ay müddətində həyata keçirilib. Layihə müddətində “Könüllü DOST”lar Bakının Yasamal və Səbail rayonlarında yaşayan yüzdən çox yaşlı adama yardım göstəriblər.
Qeyd edək ki, layihədə aktiv iştirak edən 9 nəfər könüllü hazırda fəaliyyətlərini DOST Agentliyinin müvafiq strukturlarında əməkdaş qismində davam etdirirlər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi