“Gümüşü irs” təlim kursunun təlimçi-ekspertləri mükafatlandırıldı

24 dekabr 2021, 15:15
A+ A-
“Gümüşü irs” təlim kursunun təlimçi-ekspertləri mükafatlandırıldı

DOST Agentliyində “Gümüşü irs” təlim kursunun təlimçi-ekspertlərinin mükafatlandırma mərasimi keçirilib.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Ruslan Mirzəliyev təlim kurslarının keçirilməsində məqsədin yaşlı insanların fəal və sağlam yaşlanmasına dəstək vermək, onların asudə vaxtlarının keyfiyyətli təşkilinə zəmin yaratmaq olduğunu deyib. Təlimin kifayət qədər uğurlu alındığını bildirən R.Mirzəliyev kursların 20 minədək şəxsi əhatə etdiyini qeyd edib.

BMT-nin Əhali Fondunun layihə əlaqələndiricisi Nailə Cəfərova dünya təcrübəsini nəzərə alaraq həyata keçirilən bu layihənin uğurlu alınmasında bütün iştirakçıların rol oynadığını qeyd edib və onlara minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən “Gümüşü irs” təlim kursunun təlimçi-ekspertləri layihə barədə öz fikirlərini bölüşüblər. Pandemiya dövründə onlara bu cür şərait yaratdığına görə bütün təşkilatçılara təşəkkür ediblər.

Daha sonra təlimçi-ekspertlərin mükafatlandırma mərasimi keçirilib.

Tədbirin yekununda iştirakçılar xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, təlim kurslarında elm, tibb, incəsənət və digər sahələrdə işinin peşəkarı olmuş yaşlılarımız öz təcrübə və biliklərini gənclərlə bölüşüblər.

Xatırladaq ki, “Gümüşü İrs” təlimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində təşkil edilib. Layihə yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verməklə Hökumətin fəal və sağlam yaşlanmanın təşviqi istiqamətində göstərdiyi səylərə dəstək vermək məqsədini daşıyıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə Dövlət Statistika Komitəsi, ASAN Xidmət, DOST Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi