Prezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli Fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir.
Qeyri-formal məşğulluq ölkədə kölgə iqtisadiyyatının yayılmasına rəvac verərək rəqabət mühitinə mənfi təsir göstərməklə yanaşı, işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır. Bu səbəbdən qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi dövlət üçün əsas prioritetlərdən biridir. Qeyri-formal məşğulluğun qarşısının alınmasında müasir texnologiyanın üstünlüklərindən istifadə olunması bu sahədə səmərəliliyin və effektivliyin artırılmasında mühüm rol oynayır.
“Məşğulluq haqqında” 2018-ci il 29 iyun tarixli Qanunda “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması nəzərdə tutulub. Dövlət başçısının həmin Qanunun tətbiqi barədə 2018-ci il 24 avqust tarixli Fərmanında “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı barədə təkliflərin hazırlanması tapşırılmışdır. 25 fevral 2020-ci il tarixli Fərmanla artıq həmin siyahı təsdiq edilib. Siyahıda aidiyyəti qurumların (20-yə yaxın qurum) informasiya sistemləri və ehtiyatları əhatə olunur.
Məşğulluq sahəsində lazımi məlumatları özündə əks etdirən bu informasiya sistemləri və ehtiyatlarının “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası nəticəsində qeyri-formal məşğulluğun aşkar edilməsi imkanları, ümumən müasir texnologiyadan geniş istifadə şəraitində nəzarət tədbirlərinin səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq. Belə ki, artıq iş yerinə getmədən sahibkar – məmur təması minimuma endirilməklə, işəgötürən barədə müxtəlif dövlət qurumlarının elektron informasiya sistemlərindəki məlumatların yoxlanılması ilə, elektron audit vasitəsilə risk qruplarının müəyyən edilməsi mümkün olacaq. Nəticə etibarilə qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlərin görülməsi təmin olunacaq.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi