DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov dəvətli ekspert statusunda Avropa üçün Regional Sosial Təminat Forumunda “Sosial təminat idarəçiliyində mükəmməlliyi təmin etmək üçün innovativ yanaşmalar” adlı paralel sessiyanın “Yaxşı təcrübələr” bölməsində “Qabaqlayıcı tədbirlər və fəal yaşlanmanın gücləndirilməsi” panelində “DOST Agentliyi ləyaqətli həyat naminə: 65+ şəxslər üçün sosial müdafiənin təminatı” adlı təqdimat ilə çıxış edib.
Təqdimatda 65 yaşdan yuxarı olan şəxslər üçün sosial xidmətlərin qurulması, COVİD-19 pandemiyası dövründə rast gəlinmiş çətinliklərin həllinə yönələn innovativ yanaşmalar və görülən tədbirlər, atılmış addımların təsiri və nəticələrin qiymətləndirilməsi, öyrənilmiş dərslər və tövsiyələr, eləcə də, BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilmiş “Fəal yaşlanma” layihəsi barədə məlumat verilib.
Fərid Məmmədov çıxışında tənha ahıllara və əlillərə evdə sosial xidmətlərin göstərilməsi, yaşlıların sosial təminatının yaxşılaşdırılması, ev şəraitində sosial xidmətlərin təqdim olunması, “Gümüşü DOST” Könüllü Alt-proqramının həyata keçirilməsi, ev şəraitində İT savadlılığın təlimlər vasitəsilə artırılması kimi məqamlara toxunub, bununla da DOST Agentliyi tərəfindən yaşlı insanların ləyaqətlə yaşaması üçün bir-birini tamamlayan kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi barədə məlumat verib.
Təqdimatda Sosial xidmətlərin səmərəli həyata keçirilməsi üçün əhalinin yeni xidmətlər barədə vaxtında məlumatlandırılması, özünəxidmət bacarıqlarına yiyələnməsi, xidmətlərin vətəndaş yönümlü olması və ehtiyaclara uyğun formalaşdırılması, eləcə də strategiya və iş planının yarana biləcək fövqəladə hallara uyğun idarə oluna bilinməsi kimi təcrübələrdən danışılıb.
Fərid Məmmədov tərəfindən DOST Agentliyinin təcrübəsindən formalaşan tövsiyələr də səsləndirilib.
Qeyd edək ki, COVİD-19 pandemiyasının ən şiddətli dövründə DOST mərkəzləri tərəfindən 1020 nəfərə ev şəraitində sosial xidmət göstərilib, 4200 nəfər ərzaq payı ilə təmin olunub, “Fəal yaşlanma” layihəsi çərçivəsində yaşı 65-dən yuxarı olan 1045 vətəndaşa “Elektron ödənişlər”, “İnternetdən istifadə”, “Onlayn kommunikasiya”, “Elektron hesablar və sosial şəbəkələr” mövzularında 3135 təlim keçirilib, pandemiya şəraitinə fəal adaptasiya təmin olunub.