Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

15 oktyabr 2022, 12:16
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, Vətən Müharibəsi veteranları, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlər, o cümlədən müvafiq sahədə dövlət monitorinqinin təşkilinin məqsəd və vəzifələri barədə danışıb.

DOST Agentliyinin əməkdaşı Zəhra Həsənova "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılmasının məqsəd və vəzifələri, görülən işlər" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verilib.

Daha sonra tədbir iştirakçıları ilə dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində “Əlilliyi müəyyən olunmuş Vətən Müharibəsi iştirakçılarının sosial və psixoloji adaptasiyası. Təhsil, mədəniyyət, idman və məşğulluq sahələrində özünü realizə etməkdə çətinliklər” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə müharibə veteranlarının əlilliyinin qiymətləndirilməsi, məşğulluqlarının təmin olunması və s. istiqamətlərdə DOST Agentliyi tərəfindən görülən işlər barədə məlumat verilib. Tədbir iştirakçıları mövzu ilə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

Sonda Fərid Məmmədov bu cür görüşlərin davamlı keçiriləcəyini, səsləndirilən rəy və təkliflərin komissiya tərəfindən nəzərə alınacağını qeyd edib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi