Serbiya nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub

18 mart 2023, 19:02
A+ A-
Serbiya nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub

Ölkəmizdə səfərdə olan Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçın rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verib.

Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin dövlət sosial xidmətləri sisteminə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahə üzrə xidmətlərin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş məmnunluğu prinsipinə uyğun qurulmasına imkan yaratdığı vurğulanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Daha sonra keçirilən görüşdə Serbiya nümayəndə heyəti üçün DOST konsepsiyasına dair təqdimat edilib. DOST Mərkəzlərində ötən dövrdə 1,5 milyona yaxın vətəndaşa xidmət göstərildiyi, DOST konsepsiyasının beynəlxalq uğurları qeyd olunub.

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov elektron xidmətlərlə bağlı təqdimatla çıxış edib. Təqdimatda ölkəmizdə dövlət sosial xidmətlərinin elektron müstəvidə, həmçinin proaktiv qaydada, vətəndaş məmnunluğuna uyğun qurulması üçün aparılan işlər, bu sahədə əldə olunan nailiyyətlər əksini tapıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi