BMT-nin qurumunda DOST Agentliyinin təcrübəsi maraqla qarşılandı

31 mart 2023, 20:33
A+ A-
BMT-nin qurumunda DOST Agentliyinin təcrübəsi maraqla qarşılandı

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Beynəlxalq seminarda rəhbərlik etdiyi qurumun təcrübəsini bölüşüb. Tədbir BMT-nin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə Beynəlxalq Sosial Sığorta Assosiasiyasının (İSSA) birgə təşkilatçılığı ilə keçirilib. BƏT-in elektron təlimlər proqramı çərçivəsində baş tutan onlayn seminarda dünyanın 14 ölkəsindən sosial sahədə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

"Davamlı sosial təminat institutlarının qurulması, davamlılıq və dayanıqlılığın dərk edilməsi" adlı seminarın məqsədi uğurlu təcrübələrin bölüşülməsi olub.

Təqdimatla çıxış edən Fərid Məmmədov DOST Agentliyinin Prezident İlham Əliyevin fərmanı ilə yaradıldığını və Azərbaycanda həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsi olduğunu qeyd edib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin yaradılmasında məqsəd sosial xidmətlər sahəsində keyfiyyəti artırmaq, vətəndaşlara xidmət istiqamətində bürokratik əngəlləri və korrupsiya faktlarını aradan qaldırmaqdır.

F.Məmmədov qeyd edib ki, DOST Agentliyinin fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur və bu məqsədlərin həyata keçirilməsinə töhfələr verir.

DOST Agentliyinin idarə heyətinin sədri rəhbərlik etdiyi qurumun COVİD-19 pandemiyası dövründəki fəaliyyətinə də toxunub. Qlobal pandemiyanın bütün dünyada böhrana səbəb olduğu bir vaxtda, DOST Agentliyi tərəfindən məsafədən və elektron xidmətlərin təşkil edildiyini vurğulayıb. Müxtəlif elektron alətlər, sosial şəbəkələr, həmçinin çağrı mərkəzi vasitəsi ilə vətəndaşlara davamlı xidmətin təşkil edildiyini qeyd edib.
“Həmin dövrdə “Çağrı mərkəzi 142”, e-sosial.az portalı, dost.gov.az saytı, eləcə də digər elektron alətlərin yardımı ilə ümumilikdə 800 min nəfərə xidmət göstərilib”, - deyə o əlavə edib.

Fərid Məmmədov 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi və post münaqişə dövründə DOST Agentliyinin fəaliyyətinin təşkili barədə də söz açıb.

“COVİD-19 pandemiyası dövründə Azərbaycanda sosial sahə üçün ikinci bir sınaq 44 günlük vətən müharibəsinin başlanması oldu. Ermənistan tərəfindən 30 il idi ki, işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgələri işğalda azad olundu və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Müharibə, öz növbəsində sosial xidmətlər sahəsinə yeni sınaqlar gətirdi. 2021-ci ildə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərilməsi üçün Vahid Əlaqələndirmə Mərkəzi yaradıldı”, - deyə o əlavə edib.

Fərid Məmmədov daha sonra DOST Agentliyinin qarşıda duran məqsədləri və strateji baxışı barədə söz açıb. O qeyd edib ki, Agentliyin və mərkəzlərin fəaliyyətinin qiymətləndirilməsi, eləcə də xidmət keyfiyyətinin daha da artırılması üçün DOST İndeks – keyfiyyətin qiymətləndirilməsi modeli hazırlanır. Bununla yanaşı xidmətlərin tamamilə rəqəmsallaşması istiqamətində fəaliyyət həyata keçirilir.

Fərid Məmmədovun təqdimatı maraqla qarşılanıb. Təqdimatdan sonra o iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, tədbirdə Pakistan, Filippin, Banqladeş, Barbados, Burkina Faso, Cənubi Sudan, Qvineya-Bisau, Mozambik, Efiopiya, Laos, Nepal, Tanzaniya və Ugandanın müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. Böyük Britaniya nümayəndələri seminarda qonaq qismində iştirak ediblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi