DOST Agentliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında Anlaşma memorandumu imzalanıb

25 iyun 2023, 09:33
A+ A-
DOST Agentliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında Anlaşma memorandumu imzalanıb

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında birgə əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyev imzalayıblar.

Fərid Məmmədov imzalanma mərasimindəki çıxışı zamanı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, qısa müddət ərzində sosial sahədə brendə çevrilən DOST-un fəaliyyəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Zakir Nuriyev memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini bildirib və hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini qeyd edib.

Memoranduma əsasən, tərəflər praktiki əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, innovativ təşəbbüslərin həyata keçirilməsi, korporativ sosial məsuliyyət sahəsində əməkdaşlığın qurulması, sosial sahədə maarifləndirilmə və s. məsələlər barədə birgə əməkdaşlıqla bağlı razılığa gəliblər.

Razılaşma çərçivəsində əlilliyi olan şəxslərin bank xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində birgə tədbirlərin görülməsi, Assosiasiya üzvlərinin əməkdaşları üçün əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi məqsədi ilə müvafiq sahələrə aid seminarlar, konfranslar, təlimlərin keçirilməsi, birgə əməkdaşlıq proqramlarına könüllülərin cəlb edilməsi və s. istiqamətdə razılıq əldə olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi