Moldova və Özbəkistan nümayəndə heyəti ilə DOST Agentliyində görüş keçirilib

12 sentyabr 2023, 17:05
A+ A-
Moldova və Özbəkistan nümayəndə heyəti ilə DOST Agentliyində görüş keçirilib

“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Moldova və Özbəkistan nümayəndə heyəti ilə DOST Agentliyində görüş keçirilib.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə nümayəndə heyətinə məlumat verilib. Qeyd edilib ki, DOST mərkəzlərində sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.

Daha sonra Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqları qəbul edib. Onlara DOST konsepsiyasına dair təqdimat göstərilib. DOST mərkəzlərində ötən dövrdə 1,8 milyona yaxın vətəndaşa xidmət göstərildiyi qeyd olunub. DOST konsepsiyasının beynəlxalq uğurları barədə qonaqlara məlumat verilib.

Ölkəmizin sosial sahədə innovativ həllərin tətbiqi ilə bağlı təcrübəsini öyrənərək tətbiq etməkdə maraqlı olan Özbəkistan və Moldova ilə bu istiqamətdə daim fəal əməkdaşlığa hazır olduğumuz qeyd edilib.

Qeyd edək ki, həm Özbəkistan, həm də Moldova vətəndaşlara sosial xidmətlərin göstərilməsi sahəsində DOST modelinin tətbiqinə maraqlıdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi