Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev Xatirələrdə" adlı tədbir keçirilib.
DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz xidmətləri, həyat və fəaliyyəti, eləcə də dövlətçilik irsinin öyrənilməsi, habelə gənclərə onun ideyalarının və vətənpərvərlik ruhunun aşılanmasıdır.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarını salamlayan DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, "Heydər Əliyev Xatirələrdə" adlı tədbir "DOSTTALKS" layihəsi çərçivəsində keçirilir. Bu vaxta qədər layihə çərçivəsində "DOSTTALKS - Hərə bir Qəhrəman oldu" və "DOSTTALKS - Vətən Müharibəsi" adlı tədbirlər keçirilib və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
“Heydər Əliyev ili” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə nəzərdə tutulan tədbirlər planına uyğun olaraq DOST Agentliyində bir çox tədbir və layihələr həyata keçirildiyi diqqətə çatdırılıb.
Fərid Məmmədov Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizin inkişaf edib, dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Daha sonra tədbirdə iştirak edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov çıxışlarında tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini danışıb, onun Azərbaycan xalqının taleyində misilsiz xidmətlərini qeyd ediblər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi