DOST əməkdaşları dövlət xadimi, inşaatçı-mühəndis Dadaş Asanovun doğum gününü qeyd ediblər

15 yanvar 2024, 16:15
A+ A-
DOST əməkdaşları dövlət xadimi, inşaatçı-mühəndis Dadaş Asanovun doğum gününü qeyd ediblər

1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən vətəndaşın 84 yaşını onunla birlikdə qeyd ediblər. Azərbaycanın dövlət xadimi, inşaatçı-mühəndis Dadaş Asanovu evində ziyarət edən DOST əməkdaşları onu doğum günü münasibətilə təbrik ediblər. 1 saylı Bakı DOST Mərkəzinin direktoru Çingiz Əliyev Agentliyin rəhbərliyi və bütün kollektivi adından vətəndaşa ən xoş arzularını çatdırıb.

Ziyarətdən məmnun qalan Dadaş Asanov ona göstərilən diqqətə görə təşəkkür edib.

Səbail rayon sakini olan Dadaş Asanova 2019-cu ildən etibarən sosial xidmət göstərilir. Vətəndaşa yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər təqdim edilir.

DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

Qeyd edək ki, Dadaş Asanov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR kənd tikintisi naziri, Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri və başqa yüksək vəzifələrdə çalışıb. "Şərəf nişanı" ordeni ilə təltif edilən və "Əməkdar mühəndis" fəxri adı verilən Dadaş Asanov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi