Asan Aç

Sosial-məişət xidmətlərinin göstərilməsi

Evdə (səyyar) sosial xidmət - əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə qanunvericilikdə müəyyən edilmiş qaydada göstərilən xidmətdir.

Şəxsə (ailəyə) qulluq və kömək göstərə biləcək qohumlar dedikdə - əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

Evdə (səyyar) sosial xidmət göstərilməsi üçün müraciət edilməsi - Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin struktur bölmələrinə, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” ərizə ilə müraciət edirlər.

Müraciətə baxılması və cavablandırılması - Sosial xidmətin göstərilməsi barədə müraciət daxil olduğu gündən sonra, 10 (on) iş günü müddətində sosial işçi tərəfindən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi həyata keçirilir. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən sonra, 5 (beş) iş günü müddətində yerli qurum və ya mərkəz tərəfindən sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar qəbul olunur.

Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:

  • Qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda;
  • Sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda;
  • Tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;
  • Əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda;
  • Sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi