Asan Aç

Sosial sığorta iştirakçıları və onların hüquqları

Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır.

Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. 

Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.

sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.

sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.

 

Sığortaçının hüquqları aşağıdakılardır:

  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq;
  • sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq;
  • sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;
  • könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
  • Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:
  • özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək;
  • sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;
  • könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək;
  • məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq;
  • məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq;
  • məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər:

  • sosial sığortanın bütün formalarında iştirak etmək;
  • könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək;
  • sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək.
  • Sığortaedənlərin vəzifələri aşağıdakılardır:
  • müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;

         

         Sığortaolunanların hüquqları aşağıdakılardır:

  • onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək;
  • könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək;
  • sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək;
  • sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq.
  • Sığortaolunanların vəzifələri aşağıdakılardır:
  • sosial sığorta haqqını vaxtında ödəmək;
  • sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi