Hazırda Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölkə Proqramının hazırlanması işləri aparılır. Yeni Proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə də tam uyğunluq təşkil edəcək.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Baş direktoru Qay Rayderlə bu günkü onlayn görüşündə bildirib.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan sosial irəliləyişləri, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatları diqqətə çatdırıb. Bu sahələrdə BƏT-lə əməkdaşlığın daim genişlənməkdə olduğunu vurğulayıb.
S.Babayev bildirib ki, ötən dövrdə ölkəmiz BƏT-in 57 Konvensiyasına qoşulub. Azərbaycan ilə BƏT arasında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” uğurla icra olunub. Bu Proqram üzrə əməkdaşlıq müstəvisində əmək qanunvericiliyinin təkmilləşdirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni Məşğulluq Strategiyası layihəsinin hazırlanması, əmək müfəttişliyi və məşğulluq xidmətlərinin potensialının gücləndirilməsi, özünüməşğulluq proqramının icrası, gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi və s. istiqamətlərdə birgə işlər aparılıb.
Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası çərçivəsində Azərbaycan Hökuməti 2017-2020-ci illər üçün BƏT-in İdarə Heyətinə üzv seçilib və üzvlük pandemiya səbəbindən 1 iI uzadılıb.
Nazir Azərbaycanda reallaşdırılan DOST layihəsi, ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı, əmək, sosial müdafiə və məşğulluq sahələrində e- texnologiyaların geniş tətbiqi məqsədilə görülən işlər barədə məlumat verib. Bu sahələrdə əldə olunan uğurlu nəticələrin digər ölkələrin müvafiq qurumlarının da yüksək marağına səbəb olduğunu diqqətə çatdırıb.
S.Babayev ötən ilin sentyabr ayında Ermənistanın törətdiyi hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları həyata keçirməklə, ölkəmizin ərazilərini Ermənistanın işğalından azad etdiyini, azad edilmiş ərazilərdə tam yenidənqurma və bərpa işlərinin aparılmaqda olduğunu bildirib. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, layiqli yaşayış, aktiv məşğulluq, zəruri kadr potensialı və iqtisadi fəallıq təmin ediləcək. İnnovasiyalara və texnoloji inkişafa üstünlük verilərək həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcək.
Q.Rayder BƏT-lə Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən bəhs edib. O, postkonflikt dövründə də əhalinin layiqli məşğulluq imkanlarına çıxış əldə edə bilməsinin, yenidənqurma və stabillik əldə olunmasının inkişaf üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Q.Rayder BƏT-in beynəlxalq səviyyədə apardığı işlərlə də uyğunluq təşkil edən bu prioritetlərin Layiqli Əmək üzrə yeni Ölkə Proqramında da əksini tapacağına əminliyini ifadə edib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi