Nazir Sahil Babayev: Tədbirlər Planında sosial sahəyə dair 4 istiqamət üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir

7 aprel 2020, 22:00
A+ A-
Nazir Sahil Babayev: Tədbirlər Planında sosial sahəyə dair 4 istiqamət üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə tədbirlər əksini tapır. Bu 4 istiqamət üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir. Həmin istqiamətlər üzrə ayrılan vəsait isə 394 milyon manatdır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd edilən Sərəncama əsasən məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı keçdirdiyi mətbuat konfransında vurğulayıb.

Nazir bildirib ki, bu gün ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı profilaktik və preventiv tədbirlər görülməklə yanaşı, pandemiyanın milli iqtisadiyyata ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli istiqamətində də fəal siyasət aparılır. 19 mart 2020-ci il tarixli Sərəncam da bunun əməli təsdiqidir.

S.Babayev deyib ki, Tədbirlər Planında məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətləri üzrə ayrılan 394 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən, 203 milyonu Nazirlik yanlında Dövlət Sosial Müdafiə Fondunun, 91 milyon manatı isə İşsizlikdən Sığorta Fondunun büdcəsindən ayrılacaq. Qeyd edilən 4 istiqamət - dövlət və özəl sektoru üzrə işləyənlərə, işsizlərə, həssas qruplardan olanlara dəstəyin göstərilməsini nəzərdə tutur.

Nazir birinci istiqamət kimi, dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün aparılan işləri qeyd edib. Bu işlərin həmin sektorda çalışan 910 min işçini əhatə etdiyini bildirib. O, həmçinin özəl sektor üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi məqsədilə müvafiq işlərin görüldüyünü, “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarətin  təmin edildiyini bildirib.

S.Babayev vurğulayıb ki, martın 23-dən başlanan bu nəzarət zamanı müsbət hal kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma müşahidə edilmədi, hətta bu sektorda əmək müqavilələrinin sayında artım da özünü göstərib. Eyni zamanda, özəl sektorda da işəgötürənlər hər hansı ixtisara yol vermədilər, öz işçilərini qorumağa çalışdılar. Bu istiqamətdə tədbirlər özəl sektorda işləyən 690 min insanımıza dəstək mqəsədi daşıyır.

Ötən il haqqı ödənilən 38 min ictimai iş yerinin  yaradıldığını deyən nazir bununla yanaşı, aprel-may aylarında əlavə olaraq 50 min ödənişli ictimai iş yerinin yaradılacağını, gələn həftədən artıq bu iş yerlərinin açılacağını qeyd edib. O, həmçinin özünüməşğulluq proqramının genişləndirilməsi işlərinin aparıldığını, bu il 11 min nəfərin proqrama cəlb ediləcəyini, işsizlikdən sığorta ödənişi üzrə sistemin əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu, əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də bu sistemin şamil olunacağını, ümumən  bu il həmin sistemin azı  20 min şəxsi əhatə edəcəyini bildirib.

Nazir daha bir mühüm sosial müdafiə istiqaməti kimi, işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcəyini deyib. Bildirib ki, bunun üçün 70 milyon manat ayrılıb. İşsiz şəxslər işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayılırlar və işsiz şəxs kimi qeydiyyata alınmırlar.

S.Babayev işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlara yaradılan elektron xidmətlərdən bəhs edib. Bildirib ki, “ASAN login” və elektron imza ilə yanaşı, bu vasitələrə malik olmayanlar üçün onlayn müraciət imkanı da yaradılıb. Yəni həmin şəxslərin də onlayn müraciət vasitəsilə təqdim etdikləri məlumatlar əsasında məşğulluq xidmətinin əməkdaşları onların e-sosial.az portalında işsiz kimi qeydiyyatdan keçirilməsini təmin edəcəklər.

Birdəfəlik ödəmənin dövlət tərəfindən sosial ödəniş (pensiya, müavinət, təqaüd, subsidiya və s.) alan insanlara və ailələrə verilməyəcəyini qeyd edən nazir bildirib ki, bu ödəmənin mahiyyəti – yardımdan kənarda qalan insanlara, ailələrə dəstək verilməsi, ayrılan maliyyə resurslarının ünvanlılıq prinsipi ilə, dəstəyə ehiyac duyan ailələrə yönəldilməsi, səmərəli istifadəsidir.  Əgər ailənin bir üzvü əmək haqqı, pensiya və s. ödəniş alırsa, ailənin digər üzvü işsiz olsa da, artıq bu birdəfəlik ödəməni almayacaq. İşsizlər üçün birdəfəlik ödəmə ailədə ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladlarına veriləcək. Həmçinin birdəfəlik ödəmə nağdsız qaydada, bank vasitəsilə vətəndaşlara çatdırılacaq. Bank kartı varsa,  bank hesabına köçürüləcək, yoxdursa, ən yaxın bankda öz şəxsiyyət vəsiqəsini təqdim etməklə alacaq.

Nazir diqqətə çatdırıb ki, işsiz kimi qeydiyyata alınmaqdan ötrü e-qaydada edilən müraciətlərin təhlili göstərir ki, 60 faiz hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir. Yaxud faktiki sosial döənişlə təmin olunanlar tərəfindən bu müraciətlər olunur. Ona görə də vətəndaşlar bu barədə məlumatlı olmalıdırlar və bu ödəməni almaq üçün haqqı çatmayan şəxslər elektron sistemə müraciətlər edərək bu sistemdə əlavə yüklənmələr yaratmasınlar.

S.Babayev həmçinin bildirib ki, işsiz kimi qeydiyyata alınmaq üçün müraciətlərin edilməsində tələskənliyə də ehtiyac yoxdur, karantin rejimi dövründə bütün müraciətlər qəbul olunacaq, haqqı çatan hər kəsə bu birdəfəlik ödəmə veriləcək.

Nazir eyni zamanda, ünvanlı dövlət sosial yardımı sisteminin sadələşdirilməsi nəticəsində bu yardımı alan ailələrin sayının da 7 min ailə artaraq 78 minə çatdığını (330 min ailə üzvü) qeyd edib.

Digər istiqamətlərdə aparılan işləri də diqqətə çatdıran Sahil Babayev jurnalsitlərin suallarını cavablandırıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi