Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı daha da genişləndirilir

1 may 2024, 16:55
A+ A-
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı daha da genişləndirilir

Nazirliyin kollegiyası 54 peşə və kvalifikasiya standartını da təsdiq etdi.

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi sahəsində növbəti addım olaraq həmin şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı daha da genişləndiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətində əlilliyi olan şəxslərin sosial müdafiəsinin və reabilitasiya xidmətləri ilə təmin olunmasının mühüm yer tutduğunu vurğulayıb. Bu sahədə atılan addımlardan bəhs olunmaqla, həmçinin son beş ildə reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulduğu qeyd edilib. Görülən işlər nəticəsində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayının 7,3 dəfə artdığı diqqətə çatdırılıb.

Həmin şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına 2020-ci ildə Nazirliyin təklifləri əsasında 23 reabilitasiya növünün əlavə edildiyi bildirilib. Qeyd olunub ki, hazırlanmış yeni təkliflərdə həmin siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur.

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirlərinin davam etdirildiyi, bu məqsədlə Əmək Məcəlləsinə yeni dəyişiklik layihələrinin hazırlandığı diqqətə çatdırılıb. Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar işəgötürənlər və sosial tərəfdaşların nümayəndələri ilə birgə Bakı və müxtəlif bölgələrdə keçirilən maarifləndirmə tədbirlərindən bəhs olunub.

Ötən il 141, bu ilin ilk rübündə 35 uşağın övladlığa götürüldüyü, reinteqrasiya tədbirləri nəticəsində 2023-cü ildə 177, cari ilin 3 ayında 39 uşağın sosial xidmət müəssisələrindən öz bioloji ailələrinə qaytarıldığı bildirilib. Habelə sosial dəstək mexanizmlərindən istifadə olunmaqla və maarifləndirmə tədbirləri ilə bu ilin yanvar-mart aylarında 62 uşağın ailələrindən dövlət uşaq müəssisələrinə verilməsinin qarşısının alındığı qeyd olunub.

Hazırda 50-dən çox sosial ödəniş növünün təyinatının elektron sistemlər üzərindən proaktiv qaydada aparıldığı bildirilib. Uşaqlara görə erkən pensiya hüququ olan şəxslərə pensiya təyinatının da proaktivləşdirilməsinin nəzərdə tutulduğu, bununla bağlı qanuna dəyişiklik layihəsinin hazırlandığı diqqətə çatdırılıb. İki və daha artıq pensiya növünə hüququ olan şəxsə bu pensiyalardan ən yüksək məbləğdə olanının proaktiv təyin edilməsi mexanizminin də hazırlanacağı vurğulanıb.

Son illərdə 1064 peşə və kvalifikasiya standartının hazırlanaraq təsdiqləndiyi və e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə yerləşdirildiyi, bu il üçün 300 yeni standartın da hazırlanmasının nəzərdə tutulduğu bildirilib. Nazirlik tərəfindən ictimai iaşə və qida, maliyyə, emal və kənd təsərrüfatı sahələri üzrə daha 54 standartın hazırlandığı qeyd edilib. Kollegiya tərəfindən həmin yeni standartlar müzakirə edilərək təsdiqlənib.

İclasda əmək siyasəti, övladlığagötürmə, sosial sığorta və pensiya, əlillik, reabilitasiya və s. sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Həmçinin autizmli gənclərin, onların ailə üzvlərinin məşğulluq imkanlarının artırılmasına dəstək məqsədi daşıyan pilot layihə təsdiq edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi