Çətin həyat şəraitində olan şəxs (ailə)

Çətin həyat şəraiti - “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 1.0.2-ci maddəsinə əsasən şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi haldır. 

Qanunun 7-ci maddəsinə əsasən Şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin aşağıdakı əsasları vardır:

  • uşaqların valideyn himayəsindən məhrum olması;
  • uşaqların əlilliyinin olması;
  • yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması;
  • xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması;
  • şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması;
  • insan alverinin qurbanı olması;
  • uşağın cinsi istismar və ya cinsi zorakılıq qurbanı olması;
  • məişət zorakılığından zərər çəkməsi;
  • müəyyən yaşayış yerinin olmaması;
  • valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması;
  • şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması.

 

Çətin həyat şəraitində olan şəxsin (ailənin) hüquqları:

 

  • sosial xidmət göstərilməsi üçün müraciət etmək;
  • sosial xidmət göstərilməsinin mümkünlüyü, qaydası və şərtləri, sosial xidmətin forma və növləri, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq;
  • sosial xidmətə olan tələbatın müəyyən edilməsi və qiymətləndirilməsində iştirak etmək;
  • sosial xidmətə olan tələbatın xarakteri nəzərə alınmaqla sosial xidmət göstərən müəssisəni seçmək;
  • sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmət göstərilməsindən imtina etmək;
  • sosial xidmət göstərən subyektlər tərəfindən şərəf və ləyaqətlərinə hörmət olunmasını və humanist münasibət bəslənməsini tələb etmək, habelə onların hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət etmək;
  • sosial xidmət müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə təmin olunmaq;
  • sosial xidmət müəssisələrində daxili intizam qaydalarını pozmamaq şərti ilə dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq;
  • media məhsulları ilə təmin olunmaq;
  • şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb etmək;
  • “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.

 

Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri:

 

  • sosial xidmət göstərilməsinə tələbatın müəyyən edilməsi və qərar qəbul edilməsi üçün tam və düzgün məlumatları vermək;
  • sosial xidmət göstərilməsinə təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektləri dərhal məlumatlandırmaq;
  • sosial xidmət müəssisələrinin daxili intizam qaydalarına əməl etmək;
  • sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
  • qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi