Kimlərin dövlət tərəfindən minik avtomobili ilə təmin olunmaq hüququ var?

Kimlərin dövlət tərəfindən minik avtomobili ilə təmin olunmaq hüququ var?

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin minik avtomobili ilə növbədənkənar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin ümumi növbə ilə pulsuz minik avtomobili ilə təmin olunmaq hüququ vardır.

 

Hansı xəstəliklər üzrə tibbi göstərişlər əlilliyi olan şəxslərə dövlət tərəfindən pulsuz minik avtomobili verilməsinə əsasdır?

  • ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
  • ağciyər çatışmazlığı, II dərəcəli;
  • bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
  • hemiplegiya, nəzərəçarpan hemiparez;
  • nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;
  • hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, II dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda II-III dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
  • hər iki aşağı ətrafın fillik xəstəliyi;
  • hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
  • aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
  • hər iki bud-çanaq oyna-ğının ankilozu;
  • onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan III-IV dərəcəli əyilmələr;
  • bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);
  • aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
  • hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud həriki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
  • əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda.

 

Minik avtomobillərinin qeydiyyata götürülməsi

Minik avtomobili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür.

 

Şəxsin minik avtomobili ilə təmin edilməsi hansı qurum tərəfindən həyata keçirilir?

Minik avtomobili ilə təmin edilmə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

Şəxsə minik avtomobili hansı qurum tərəfindən təhvil verilir?

Minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri, digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir.

 

Minik avtomobili ilə təmin olunmuş əlilliyi olan şəxs vəfat etdikdə nə baş verir?

Minik avtomobili verilmiş əlilliyi olan şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş əlilliyi olan şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır.

 

Növbəlilik hansı formada həyata keçirilir və haradan izləmək olar?

Əlilliyi olan şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla Fərdi Reabilitasiya Proqramının tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir.

“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasına” uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün əlilliyi olan şəxsə dair məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sistemindəki növbəlilik siyahısına daxil edilir.

Əlilliyi olan şəxs özünün növbəsi barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin e-sosial.az internet portalından əldə edə bilər.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi