Sosial sığorta nədir?

Sosial sığorta  — “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.

 

Fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab.

 

Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir:

  • sosial sığorta nömrəsi (SSN);
  • adı, atasının adı, soyadı;
  • doğulduğu il, ay, gün;
  • doğulduğu yer;
  • cinsi;
  • daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı; 
  • şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı;
  • fərdi identifikasiya nömrəsi (FİN);
  • vətəndaşlığı;
  • telefon nömrəsi;
  • əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı, o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti;
  • məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün);
  • sığortaedən tərəfindən hesablanmış və məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün);
  • sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün);
  • məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin müvafiq qanunvericiliyə uyğun olaraq sosial sığorta stajına daxil edilən müddət; 
  • əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat.
  • sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı haqqında məlumat;
  • fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat;
  • xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumat;
  • fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat;
  • vəfat etdiyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi hallarda sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat.

 

Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan müntəzəm olaraq sığortaçı tərəfindən dəqiqləşdirilməlidir.

Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar sığortaçı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır.

Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.

      

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi