Asan Aç

Sosial xidmət göstərilməsi üçün müraciət edilməsi

  1. Sosial xidmət göstərilməsi üçün müraciət edilməsi

    Sosial xidmət - çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir.

    1. Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə və ərizəyə əlavə olunmaqla, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq əsası təsdiq edən digər sənədlərlə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər.
    2. Çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.
    3. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr çətin həyat şəraitində olan və sosial xidmətə ehtiyacı olan şəxslərin müəyyən edilməsi və bu şəxslərin sosial xidmətə götürülməsi üçün onlar barəsində məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərirlər.

     

    Evdə (səyyar) sosial xidmət göstərilməsi üçün müraciət edilməsi

    • Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin “DOST” mərkəzlərinə və ya Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına ərizə ilə müraciət edirlər.
    • Evdə (səyyar) sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər müraciət edə bilər.

    Çətin həyat şəraitində olan şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsi

    • Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslər onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri olduğu hallarda, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən dövlət sosial xidmət müəssisəsinə yerləşdirilə bilər. Şəxsin dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi zamanı Qanunun 8-ci maddəsində müəyyən olunmuş hüquqları nəzərə alınır.
    • Çətin həyat şəraitində olan şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin “DOST” mərkəzlərinə və ya Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına ərizə ilə müraciət edirlər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi