İşaxtaran və işsiz kimi qeydiyyata alınma, qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın ləğv edilməsi

1. Xidmətin adı
İşaxtaran və işsiz kimi qeydiyyata alınma, qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın ləğv edilməsi
2. Xidmətin məzmunu

Bu xidmət işaxtaran və işsiz şəxslərin qeydiyyatı ilə bağlı münasibətləri əhatə edir. İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi bu xidmətin əsas mahiyyətini təşkil edir.  

3. Xidmətin aid olduğu təsnifat
  • Əmək və məşğulluq
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyi (Agentlik)
5. Xidmətin hüquqi əsası
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi
  • “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu
  • “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
  • Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”
  • “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli  387 nömrəli Fərmanı
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən gəlməklə
  • Özünəxidmət (Elektron sistemlər vasitəsilə)
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Çağrı mərkəzi vasitəsilə
  • SMS vasitəsilə
  • Yerində (şifahi və ya yazılı)
8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Şəxs işaxtaran və ya işsiz kimi qeydiyyata alınır, işaxtaran və ya işsiz kimi qeydiyyata alınmasından imtina edilir, işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır və ya qeydiyyatı ləğv edilir.

9. Xidmət istifadəçisi barədə məlumat
  • Fiziki şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları

Müddət

20 dəqiqə

Xidmət haqqı

Ödənişsiz

11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • Digər hallarda iş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Dövlət Məşğulluq Agentliyinin yerli qurumları
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Şəxsiyyət vəsiqəsinin surəti

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi - Kağız daşıyıcıda (Əsli və ya notariat qaydada təsdiq edilmiş surəti)

15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  1. Şəxsin işaxtaran kimi qeydiyyata alınması:

 

İşaxtaran kimi qeydiyyata alınmaq istəyən şəxs qeydiyyatda olduğu yerdən asılı olmayaraq Agentliyin yerli qurumuna və ya “DOST” mərkəzinə müraciət edir və xidmət almaq üçün növbə götürür.

Növbəsinə uyğun olaraq qeydiyyat üzrə müvafiq masaya yaxınlaşır.

Agentliyin yerli qurumunun və ya “DOST” mərkəzinin əməkdaşı müraciət edən şəxsin “e-sosial” portalı üzərindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) daxil olmasına və həmin altsistemdə işaxtaran kimi qeydiyyata alınmaq üçün elektron “Müraciət- Ərizə” formasının doldurmasına yardım edir;

Şəxsin ünvanı kimi qeydiyyatda olduğu və ya faktiki yaşayış yeri  (olduğu halda) əsas götürülür.

Şəxsin təhsili və məşğulluq tarixçəsi, məcburi köçkün, şəhid ailəsinin üzvü, cəzaçəkmə yerlərindən azad olan şəxs olması ilə bağlı müvafiq elektron informasiya sistemlərindən məlumatlar MEİS-ə inteqrasiya edilmədiyi halda, şəxsin istəyinə uyğun olaraq, onda olan təhsil haqqında sənəd, əmək kitabçası və digər təsdiqedici sənədlər əsasında məlumatlar müvafiq bölmələrə əlavə edilir.

Şəxs onun barəsində MEİS-ə digər informasiya sistemlərindən inteqrasiya olunmuş məlumatların həqiqi olmadığını iddia etdiyi halda, ona aidiyyəti dövlət orqanına (quruma) müraciət etməsi tövsiyə edilir.  

Müraciət MEİS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır, və bu barədə məlumat şəxsin elektron kabinetinə yerləşdirilməklə mobil nömrəsinə sms bildiriş göndərilir.

Şəxs işaxtaran kimi qeydiyyata alındıqdan sonra, MEİS-də elektron formalaşmış fərdi məşğulluq vərəqi onun istəyinə uyğun olaraq çap edilərək özünə təqdim olunur.

 

  1. Şəxsin işsiz kimi qeydiyyata alınması:

 

İşaxtaran şəxsin işsiz kimi qeydiyyatı məqsədi ilə onun məşğulluğu ilə bağlı məlumatlar MEİS üzərindən “Məşğul şəxslərin reyestrindən” avtomatik olaraq yoxlanılır.

Agentliyin yerli qurumunun və ya “DOST” mərkəzinin əməkdaşı məşğulluğu olmayan işaxtaranın MEİS-dəki elektron kabinetinə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə uyğun olaraq münasib iş yerinə dair göndərişi yerləşdirir.

İşaxtaran şəxsə 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında şəxsin işsiz kimi qeydiyyatı həyata keçirilir.

Şəxs ona təklif olunmuş münasib işi qəbul etməkdən imtina etdikdə və bu imtina əsaslı olmadıqda, şəxsin məşğulluğu ilə bağlı “Məşğul şəxslərin reyestrindən” məlumat aşkar olunduqda və ya ”Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəxsin işsiz kimi qeydiyyata alınmasına yol verilməyən hallardan biri olduqda şəxsin işsiz kimi qeydiyyata alınmasının imtina edilməsi barədə qərar qəbul olunur.

Agentliyin yerli qurumunun və ya “DOST” mərkəzinin əməkdaşı şəxsin işsiz kimi qeydiyyata alınmasından imtina edilməsi barədə qərarını şəxsə bildirir və münasib iş üçün MEİS-də vakansiyalarla mütəmadi olaraq tanış olmaq hüququnu izah edir.

Agentliyin yerli qurumunun və ya “DOST” mərkəzinin əməkdaşı işsiz kimi qeydiyyat alınmış şəxsə fərdi məşğulluq proqramı tərtib edilməsi üçün məsləhət xidmətlərini göstərir və işsiz şəxslə birlikdə həmin proqramı tərtib edir.

Məsləhət xidmətləri zamanı MEİS-də formalaşdırılmış xüsusi suallar bankı vasitəsilə işsiz şəxsin məşğulluq imkanları qiymətləndirilir, onun iş axtarışı və ona münasib məşğulluq tədbirləri müəyyən olunaraq avtomatlaşdırılmış qaydada fərdi məşğulluq proqramı tərtib edilir və gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

Fərdi məşğulluq proqramı işsiz şəxsin elektron kabinetində yerləşdirilir, işsiz şəxs onu gücləndirilmiş elektron imzası ilə təsdiq edir, əgər işsiz şəxsin gücləndirilmiş elektron imzası yoxdursa, fərdi məşğulluq proqramı Agentliyin yerli qurumunun və ya “DOST” mərkəzinin  əməkdaşı tərəfindən çap olunur, işsiz şəxs tərəfindən imzalanır və skan olunmuş surəti sistemə daxil edilir.

Fərdi məşğulluq proqramına dəyişiklik tərtib olunma qaydalarına uyğun həyata keçirilir.

Şəxsin istəyinə uyğun olaraq işaxtaran və işsiz kimi qediyyata alınması və fərdi məşğulluq proqramının tərtib olunması onlayn qaydada “e-sosial” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə təmin edilir.

 

  1. İşaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın ləğv edilməsi:

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.8-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır.

Təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatların aşkar edilməsi səbəbindən işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.

                                          

  1. İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın ləğv edilməsi:

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.10-cu maddəsində nəzərdə tutulmuş hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.11-ci maddəsinə əsasən şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir.

İşsiz kimi qeydiyyata alınmayan və ya təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatların aşkar edilməsi səbəbindən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, MEİS-də işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.8-ci və 5.10-cu maddələrinə əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir

16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan 30 gün müddətində yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • “Elektron hökumət” portalı
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • İşaxtaran kimi qeydiyyat avtomatlaşdırılmışdır
  • İşsiz kimi qeydiyyat avtomatlaşdırılmamışdır

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi