Əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir.
Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda proqram onun yaşadığı yerdə hazırlanır.
TSEK tərəfindən fərdi reabilitasiya proqramı əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə 2 (iki) iş günü ərzində hazırlanır. Hazırlanmış Fərdi proqram 1 (bir) iş günü müddətində MEİS-ə daxil edilir.
TSEK əlilliyi olan şəxsin reabilitasiya vasitələri ehtiyacını müəyyənləşdirir.
Reabilitasiya vasitələrini əlilliyi olan şəxsə və ya onun qanuni nümayəndəsinə şəxsiyyəti təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qanuni nümayəndəyə münasibətdə isə müvafiq etibarnamə əsasında təhvil verirlər.
Fərdi Reabilitasiya Proqramında reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri, digər reabilitasiya vasitələri isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi və ya “DOST” mərkəzi tərəfindən əlilliyi olan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin minik avtomobili ilə növbədənkənar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin ümumi növbə ilə pulsuz minik avtomobili ilə təmin olunmaq hüququ vardır.
Minik avtomobili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür.
Tibbi göstərişlərdə əlilliyi olan şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, əlilliyi olan şəxsin seçimi ilə onlardan biri təyin edilir.
Əlilliyi olan şəxs hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir.
Minik avtomobili verilmiş əlilliyi olan şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş əlilliyi olan şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır.
Əlilliyi olan şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, əlilliyi olan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Protez-Ortopedik Bərpa Mərkəzində həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarına müvafiq olaraq əlilliyi olan şəxslərə verilmiş reabilitasiya vasitələrinin təmir və dəyişdirilmə müddətləri reabilitasiya vasitəsinin növündən asılı olaraq dəyişir.
Əlilliyi olan şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla Fərdi Reabilitasiya Proqramının tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə uyğun olaraq təmin edilir.
“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasına” uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün əlilliyi olan şəxsə dair məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sistemindəki növbəlilik siyahısına daxil edilir.
Əlilliyi olan şəxs özünün növbəsi barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin e-sosial.az internet portalından əldə edə bilər.
TSEK əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya potensialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir.
Fərdi proqram əlilliyin müəyyən edildiyi müddətə, əlillik müddətsiz müəyyən edildikdə isə 5 (beş) il müddətinə tərtib olunur,
TSEK hər bir reabilitasiya tədbirinin həyata keçirilməsi müddətini, Fərdi proqramın müddətindən çox olmamaqla müəyyən edir.
Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi Fərdi proqramın tərtib edilməsindən imtina etdikdə bu məsələ TSEK tərəfindən 1 (bir) iş günü müddətində aktlaşdırılır və həmin gün mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilir.
Hazırlanmış Fərdi proqram “e-sosial” internet portalında əlilliyi olan şəxsin şəxsi kabinetində xüsusi bölmədə əks olunur. Şəxsi kabinetdə əlilliyi olan şəxsin fərdi məlumatları, əlilliyin səbəbi, müddəti, Fərdi proqramın təsdiq olunma tarixi, proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri, onların başlanma və bitmə tarixləri, habelə onların icra vəziyyəti barədə məlumatlar əks olunur.
Bunları bilmək lazımdır |
Əlilliyi olan şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm əlilliyi olan şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan əlilliyi olan şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər əlilliyi olan şəxsə verilir.
Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan əlilliyi olan şəxslərə minik avtomobili verilmir. Hüququ yarandığı halda əlilliyi olan şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. Reabilitasiya vasitələri ilə təmin edilmə tibbi göstərişlər olduğu halda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada həyata keçirilir.
Reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. |
© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi