Əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır.
Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir.
Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.
TSEK əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya potensialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır.
Əlilliyin yeni meyarları necə müəyyən olunur?
Əlillik insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyaları (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşması və “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
Şəxs hansı tarixdən əlilliyi olan şəxs hesab edilir?
Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
Əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilir.
Hansı hallarda əlillik müddətsiz müəyyən olunur?
Əlilliyi olan şəxslərə əmək zəmanətinin müəyyən edilməsi
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı”na əsasən əlilliyi olan şəxslərin əmək zəmanəti Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin tibbi sənədləri, xəstəliklərinin xarakteri, yaşı, peşəsi və s. amillər nəzərə alınmaqla müəyyən edilir.
Əlilliyin qiymətləndirilməsi zamanı göndərişin verilmə qaydası
Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi tibb müəssisələrinin həkim-məsləhət komissiyasına müraciət edir. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı komissiyaya getmək imkanı olmadıqda, o komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, qərar qəbul edilir. Qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Tərtib edilmiş göndəriş dərhal komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi