Asan Aç

Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və işsiz şəxslərə münasib işə dair göndərişin verilməsi

Kimlər işaxtaran şəxs hesab edilir?

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə münasib iş üçün və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxslər;

İşsiz şəxs kimdir?

İşi və qazancı olmayan, işə başlamağa hazır olub, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs;

Vakansiya nədir?

İşəgötürənin boş olan və işçi tələb edilən iş yeri;

Vakansiya bankı dedikdə nə başa düşülməlidir?

İşəgötürənin boş olan və işçi tələb edilən iş yerlərinin, habelə yeni yaradılan iş yerlərinin elektron informasiya ehtiyatı;

Yeni iş yeri dedikdə nə başa düşülür?

İşəgötürən tərəfindən mövcud ştat vahidlərinə əlavə olaraq yaradılmış iş yeri;

Münasib iş anlayışı dedikdə nə nəzərdə tutulur?

İşaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş hesab edilir.

Məşğulluq anlayışı dedikdə nə başa düşülür?

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti

Kimlər məşğul şəxslər sayılır?

Muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;

Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;

Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;

Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;

Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;

Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlar;

xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər.

Məşğulluq haqqında qanun kimlərə şamil edilir?

Azərbaycan Respublikasının vətəndaşlarına;

Azərbaycan Respublikasında yaşayan əcnəbilərə;

Vətəndaşlığı olmayan şəxslərə.

Vətəndaşlar işaxtaran və işsiz kimi necə qeydiyyata alınırlar?

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar.

Hansı kateqoriya şəxslərin işsiz kimi qeydiyyata alınması yolverilməzdir?

“Məşğulluq haqqında” qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilənlər;

15 yaşına çatmayanlar;

Təhsil müəssiələrində əyani təhsil alanlar;

“Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin  edilmiş şəxslər;

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində.

İşaxtaran və işsiz şəxs qeydiyyata alındıqdan sonra elektron məlumatlarında dəyişiklik etmək olurmu?

İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, əlilliyi və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda elektron informasiya sistemində bu barədə məlumatları yeniləmək mümkündür.

Hansı halda fərdi məşğulluq vərəqi tərtib edilir?

Şəxs işaxtaran və ya işsiz kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir.

Fərdi məşğulluq vərəqi nədir?

İşaxtaran və işsiz şəxsə dair fərdi məlumatlardan, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlardan, məşğulluq tarixçəsi, habelə təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyətinə dair məlumatlardan ibarət elektron sənəddir.

Fərdi məşğulluq proqramı nədir?

İşsiz şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəddir.

Hansı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır?

Hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;

Barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;

İşaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.

Hansı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir?

Münasib işlə təmin olunduqda;

Vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

Təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;

İşaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim etdikdə;

Məşğulluq haqqında Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə;

Məşğulluq haqqında Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı müəyyən edilmiş müddətdə təqdim etmədikdə.

Hansı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir?

Məşğulluq haqqında qanuna əsasən məşğul hesab edilənlər;

“Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda;

Vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

Təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;

İşsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə;

Təhsil müəssisəsinə əyani qəbul olunduqda;

Fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə;

Fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı müəyyən edilmiş müddətdə təqdim etmədikdə.

Təhsilinə, ixtisasına və əvvəlki peşəsi üzrə təcrübəsinə uyğun gəlməyən, qabaqcadan peşə hazırlığı keçməsini tələb etməyən müvəqqəti iş yerləri də daxil olmaqla, əmək qanunvericiliyinin tələblərinə uyğun gələn, haqqı ödənilən ictimai işlər hansı şəxslər üçün münasib iş sayılır?

3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar;

Peşə hazırlığından imtina edənlər;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları  və “DOST” mərkəzlərində 24 aydan çox qeydiyyatda olanlar.

 

İşsiz şəxslərə münasib işə dair göndərişin verilməsi və vakant iş yerinin tutulub-tutulmamasına dair işəgötürənin qərarının qəbul edilməsi

 

İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı halda nə etməlidir?

İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər.

İşəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi halda nə etməlidir?

İşəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir.

İşəgötürənlər hansı kateqoriyadan olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar?

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə uyğun olaraq işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

İşəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə hansı məbləğdə cərimə tətbiq edilir?

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə hansı məbləğdə cərimə tətbiq edilir?

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə hansı məbləğdə cərimə tətbiq edilir?

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

 

Bunları bilmək lazımdır

İşaxtaran və işsiz şəxslərə eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.

İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.

İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi