Asan Aç

Vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması barədə göndərişlərin verilməsi

Şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması
Yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi
Kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar olan işlər
Sosial sferaya məxsus obyektlərdə tikinti və təmir işləri, digər sosial əhəmiyyətli işlər

Haqqı ödənilən ictimai işlər hansı məqsədlə təşkil olunur?

Haqqı ödənilən ictimai işlər işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil olunur.

Haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən şəxslərə təhsil və ya peşə tələbi qoyulurmu?

Haqqı ödənilən ictimai işlər ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

Haqqı ödənilən ictimai işlərə kimlər müraciət edə bilər?

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz və işaxtaran kimi qeydiyyatda olan şəxslər haqqı ödənilən ictimai işlər üçün müraciət edə bilər.

Haqqı ödənilən ictimai işlər hansı müddətə təşkil olunur?

Haqqı ödənilən ictimai işlər bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zərurət olduqda bu müddət uzadıla bilər.

Haqqı ödənilən ictimai işlərdə iştirakı müəyyən olunan müəssisə ilə mərkəzlər arasında bağlanılan müqavilədə hansı məlumatlar öz əksini tapır?

Tərəflər arasında imzalanan müqavilədə işsiz şəxslərin sayı, görüləcək işin yeri, adı, həcmi, yerinə yetirilmə müddəti, ümumi əmək haqqı məbləği, bu məbləğin ödənilməsinin müəssisə və mərkəz arasında bölgüsü, habelə tərəflərin digər öhdəlikləri göstərilir.

Haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən şəxslə əmək müqaviləsi bağlanırmı?

Haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır.

Haqqı ödənilən ictimai işlərdə iştirak etmək üçün müraciətin edilməsi qaydası necədir?

Vətəndaşlar faktiki yaşayış ünvanı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və (və ya) “DOST" mərkəzlərinə müraciət edir. Müraciət edən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində qeydiyyata alınır və ona elektron şəkildə göndəriş verilir.

Haqqı ödənilən ictimai işlərdə iştirak etmək üçün müraciət edən şəxs göndəriş aldıqdan sonra növbəti mərhələ olaraq nə etməlidir?

Şəxslərin işə qəbul edilməsi haqqında qərar elektron şəkildə sistemə yerləşdirildikdən sonra onunla əmək müqaviləsi bağlanılır.

Haqqı ödənilən ictimai işlərdə iştirak etmiş və əmək müqaviləsinin müddəti bitmiş vətəndaşlara hansı xidmətlər göstərilir?

İşsiz şəxs daimi iş yeri ilə təmin olunmadıqda, ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və (və ya) “DOST“ mərkəzləri tərəfindən yenidən ictimai işlərə göndəriş verilə bilər və ya yeni peşə və ixtisasa yiyələnmək təklif edilə bilər.

Haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin fəaliyyəti hansı qanunvericilik ilə tənzimlənir?

Bu şəxslərin fəaliyyəti "İşsizlikdən sığorta haqqında", "Sosial sığorta haqqında" qanunlar və "Əmək Məcəlləsi" ilə tənzimlənir.

Haqqı ödənilən ictimai işlərdə iştirak edən şəxslərə müddətli əmək müqaviləsi bağlayan müəssisələrin öhdəliyi nələrdir?

Müəssisələr məşğulluq haqqında qanunvericiliyə, əməyin ödənilməsi, mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, işçilərin əməyindən səmərəli istifadəyə görə məsuliyyət daşıyırlar.

İşçinin haqqı ödənilən ictimai işlərdə işlədiyi müddət onun ümumi iş stajına daxil edilirmi?

İşçinin haqqı ödənilən ictimai işlərdə işlədiyi müddət haqqında müvafiq qaydada əmək kitabçasında qeydiyyat aparılır, ümumi əmək stajına daxil edilir.

Haqqı ödənilən ictimai işlərdə çalışan işçilərin iş vaxtı necə tənzimlənir?

Qüvvədə olan əmək qanunverciliyinə uyğun olaraq tənzimlənir.

Haqqı ödənilən ictimai işlərdə çalışan işçilərin sosial təminat hüququ varmı?

Bu işçilərə pensiya təminatı və əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət almaq hüququ daxil olmaqla bütün sosial təminatlar şamil edilir.

Bunları bilmək lazımdır

İşsiz şəxsin haqqı ödənilən ictimai işlərdə iştirakından imtina etməsi onun münasib işdən imtina etməsi kimi sayıla bilməz.

İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər haqqı ödənilən ictimai işlərə cəlb olunan işçilər arasında əmək müqaviləsinin bağlanmasında üstün hüquqa malikdirlər.

Hər il növbəti il üçün təşkil olunacaq ictimai işlərin görülməsi üçün sosial əhəmiyyətli sahələr, konkret müəssisə, idarə və təşkilatlar haqqında təkliflər hazırlanır, yerli əlaqələndirmə komitələrində müzakirə edildikdən sonra ərazi məşğulluq proqramına daxil edilir.

Ərazi Məşğulluq proqramı yerli icra hakimiyyəti orqanları tərəfindən hər il üçün təsdiq edilir.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi