İşaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənin vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin müəyyən edilmiş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən iş yeri.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzinin göndərişi əsasında işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının qaydalara əsasən nəzərdə tutulmuş hissəsinin müəyyən müddətə işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsidir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya “DOST” mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin bu proqramda iştirak etmək hüququ vardır.
Sığortaolunanın əməkhaqlarının maliyyələşdirilməsi proqramı işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.
Sosial iş yerlərinin təşkili zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük verilir.
Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər olmayan;
Son 1 (bir) ildə fəaliyyətdə olan;
Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin “Əmək və Məşğulluq” altsistemində “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi” Qaydasının 1 nömrəli əlavəsinə uyğun olaraq “Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni dolduraraq təsdiq edir.
Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra 10 (on) iş günü ərzində həmin işəgötürənin bu proqramda iştirakının mümkünlüyü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “DOST” mərkəzləri tərəfindən araşdırılır.
İşəgötürən müəyyən edilən şərtlərə uyğun olduğu təqdirdə Agentlik və ya Mərkəz tərəfindən ona bu barədə elektron bildiriş göndərilir. Agentliklə işəgötürən arasında “Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair Müqavilə” imzalanır.
Dövlət Məşğulluq Agentliyinin müqavilə imzaladığı işəgötürənlərə sosial iş yerlərinə göndərişin verilməsi və göndərişə münasibətdə işəgötürənin qərarının təqdim edilməsinə əsasən işaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında “DOST” mərkəzinin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış ƏMAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir. İşəgötürən “DOST” mərkəzinin təqdim etdiyi göndərişə əsasən işsiz və işaxtaran şəxsin vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı ƏMAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.
İşaxtaran və işsiz şəxsin sosial iş yeri üzrə işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin Nazirliyin “Əmək və məşğulluq” altsistemində qeydiyyata alınması ilə təsdiqlənir.
İşçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 3 (üç) aydan artıq olmamaq şərtilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş orta aylıq nominal əməkhaqqından çox olmamaq şərti ilə müəyyən olunur.
Sığortaolunanın ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.
Mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.
Sosial iş yerlərində 6 (altı) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqı əmək müqaviləsinin müddətinin yarısı qədər, lakin 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir.
Bunları bilmək lazımdır |
Hər bir işəgötürən üzrə əməkhaqlarınn maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər bir işəgötürən üzrə 30 sosial iş yerindən çox olmamalıdır. İşəgötürən tərəfindən əməkhaqları maliyyələşdirilən iş yerləri üzrə əməkhaqqının məbləği maliyyələşdirilməsi nəzərdə tutulmayan eyni vəzifə (peşə) üzrə digər iş yerləri üzrə əməkhaqqının məbləğindən 10 faizdən çox fərqlənə bilməz. Müqavilə müddətində (sınaq müddəti müəyyən edildiyi halda sınaq müddəti istisna olmaqla) işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir. Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında işəgötürən kimi iştirak etmirlər. |
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi