Vakansiya nədir?
İşəgötürənin boş olan və işçi tələb edilən iş yeri;
Vakansiya bankı dedikdə nə başa düşülməlidir?
İşəgötürənin boş olan və işçi tələb edilən iş yerlərinin, habelə yeni yaradılan iş yerlərinin elektron informasiya ehtiyatı;
Yeni iş yeri dedikdə nə başa düşülür?
İşəgötürən tərəfindən mövcud ştat vahidlərinə əlavə olaraq yaradılmış iş yeri;
Vakansiya bankı necə yaradılır?
Vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılır.
Ştat vahidlərinə dair cədvəl necə yaradılır?
Elektron informasiya sistemi işəgötürənlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həmin sistemə daxil etdikləri ştat vahidləri əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.
Münasib iş anlayışı dedikdə nə nəzərdə tutulur?
İşaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş hesab edilir.
İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı halda nə etməlidir?
İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər.
İşəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi halda nə etməlidir?
İşəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir.
Neçə müddətdə işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edilir?
Göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edilir.
İşəgötürənlər hansı kateqoriyadan olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar?
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə uyğun olaraq işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
İşəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə hansı məbləğdə cərimə tətbiq edilir?
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə hansı məbləğdə cərimə tətbiq edilir?
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə hansı məbləğdə cərimə tətbiq edilir?
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Bunları bilmək lazımdır |
İşaxtaran və işsiz şəxslərə eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir. İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz. 5 (beş) iş günü müddətində elektron informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. |
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi