Asan Aç

Peşə hazırlığı kursları

Peşə hazırlığı nə deməkdir?

İşaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və ya yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil almasıdır.

Hansı hallar peşə hazırlığı kurslarının təşkili üçün əsas yaradır?

İşaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;

İşaxtaran və işsiz şəxs əvvəlki peşə üzrə işləmək qabiliyyətini itirdikdə, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda.

Peşə kurslarının benefisiarları kimlərdir?

Peşə kursları işaxtaran və işsiz şəxslər üçün təşkil edilir.

Peşə kurslarının təşkili zamanı kimlərə üstünlük verilir?

- 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar;

- şəhid ailəsinin üzvləri.

Peşə kursları hansı hallarda ödənişsiz əsaslarla təşkil edilir?       

Peşə kursları işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər üçün ödənişsiz əsaslarla təşkil edilir. Həmçinin il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya ”DOST” mərkəzləri tərəfindən ödənişsiz təşkil olunur.

Peşə kursları hansı hallarda ödənişli əsaslarla təşkil edilir?

Peşə kursları işaxtaran şəxslər üçün ödənişli əsaslarla təşkil edilir.

Peşə hazırlığına cəlb olunmuş şəxslər üçün nəzərdə tutulan təqaüdün məbləği nə qədərdir?

Peşə hazırlığına cəlb olunmuş şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd ödənilir.

Peşə hazırlığına cəlb olunan müdavimlərə (iştirakçılara) ödənilən təqaüd hansı formada ödənilir?

Peşə hazırlığı dövründə müəyyən edilmiş məbləğdə təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığına cəlb olunan şəxsin bank hesabına köçürülür.

Peşə hazırlığına cəlb olunan aşağıdakı şəxslərə təqaüd ödənilmir:

İl ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərə;

İşsizlikdən sığorta ödənişi aldığı dövrdə peşə hazırlığına cəlb olunanlara.

Peşə hazırlığına cəlb olunan şəxsə təqaüdün ödənişi nə vaxt verilir?

Peşə hazırlığına cəlb olunan şəxsə təqaüdün ödənişi tədris prosesi başladıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir.

Təqaüdün ödənişi tədris ayı tam olmadıqda necə təyin olunur?

Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir

Hansı hallarda peşə hazırlığına cəlb olunmuş şəxsə verilən təqaüd dayandırılır?

İşsiz kimi qeydiyyatı ləğv edildikdə;

İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;

Təhsil müəssisəsindən xaric olduqda;

İşaxtaran kimi qeydiyyatı ləğv edildikdə; 

İşaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda.

Peşə hazırlığı kursuna cəlb olunmaq istəyən vətəndaş hara müraciət etməlidir?

İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya ”DOST” mərkəzləri tərəfindən cəlb edilirlər. Peşə hazırlığına cəlb olunmuş işaxtaran və işsiz şəxslərə təhsil müəssisələrinə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemi vasitəsilə göndəriş verilir. Bundan sonra onlarla üçtərəfli və ya dördtərəfli müqavilələr bağlanılır.

Peşə hazırlığı kursları harada təşkil edilir?

Peşə hazırlığı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təhsil müəssisələrində;

Dövlət təhsil müəssisələrində;

”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq xidmətlərin satınalması yolu ilə özəl peşə təhsil müəssisələrində təşkil edilir.

Peşə hazırlığı kurslarında standartlar necə müəyyən olunur?

Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir.

Peşə standartları nədir?

Konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur.

Peşə hazırlığı kurslarında təhsil müddəti nə qədərdir?

Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.

Təhsil haqqında dövlət sənədi (sertifikat) kimlərə verilir?

Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

 

Bunları bilmək lazımdır

Peşə hazırlığının təşkili zamanı əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyacları müəyyən edilir.

Dövlət Məşğulluq Agentliyinin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.

İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır. Hal-hazırda 4regional peşə tədris mərkəzi vardır. (Bakı, Göyçay, Naxçıvan və Gəncə)

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi