Himayədar ailə sahəsində göstərilən xidmətlər
Himayədar ailənin yaranması aşağıdakı 3 (üç) mərhələdə həyata keçirilir:
- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) uçota alınması;
- himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyənləşdirilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin bağlanılması.
Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada müəyyən edilir:
- himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibənin aparılması və həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsi;
- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
- himayədar valideyn olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşağın və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) seçilməsi.
Himayədar ailə ilə bağlı elektron müraciət zamanı vahid informasiya bazasında hansı məlumatlar əks olunmalıdır?
- himayədar ailələrə verilmiş uşaqların soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, qeydiyyat ünvanı, vətəndaşlığı və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) soyadı, adı, atasının adı, FİN-i, qeydiyyat ünvanı, faktiki yaşadığı ünvan;
- himayədar ailələrə verilmiş uşaqların və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti barədə məlumatlar;
- uşağın əvvəllər qəyyumluğa (himayəyə), himayədar ailəyə və ya övladlığa verilib-verilməməsi barədə məlumatlar;
- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) məhkumluğunun olub-olmaması barədə məlumatlar;
- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) yaşayış şəraiti, gəlirləri və maliyyə öhdəlikləri barədə məlumatlar;
- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmaması barədə məlumatlar;
- uşağın himayədar ailəyə verilməsi barədə müqavilənin müddəti barədə məlumat.
Qeyd: Sözügedən sənədlər aidiyyəti orqanların altsistemə inteqrasiya etdiyi məlumatlar əsasında əldə olunur.
Bu məlumatları informasiya sistemlərindən əldə etmək mümkün olmadıqda həmin sənədlərin təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında aidiyyəti orqandan tələb olunur və ya vətəndaş tərəfindən təmin olunur.
Himayədar şəxs (ailə) olmaq üçün minimum yaş həddi nə qədərdir?
Nikahda olan şəxslərdən biri üçün 25 yaş, nikahda olmayanlar üçün isə 30 yaş hesab olunur. (qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).
Himayədar şəxs (ailə) olmaq istəyənlə götürülən uşaq arasındakı yaş fərqi nə qədər olmalıdır?
Himayədar şəxs (ailə) olmaq istəyənlərlə götürülən uşaq arasındakı yaş fərqi 18-dən az olmamalıdır (qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).
Kimlər himayədar şəxs (ailə) ola bilməzlər?
- Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olan şəxslər (uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla);
- Himayədar ailəyə veriləcək uşaqla birlikdə yaşayacağı yaşayış sahəsinə tələb yönəldilmiş şəxslər;
- Yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olan şəxslər;
- Uşağın qəyyumları (himayəçiləri), bioloji və ya ögey valideynləri;
- Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
- Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
- Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
- Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər; Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
- Məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
- Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər (cinayət təqibi müddətində);
- Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər.
Hansı xəstəlikləri olan şəxslər himayədar şəxs (ailə) ola bilməzlər?
- Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi;
- Bütün növ infeksion (yoluxucu) xəstəliklər;
- Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr;
- Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları;
- Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.
Himayədar şəxs (ailə) olmaq üçün ailədə adambaşına düşən orta aylıq gəlirin miqdarı nə qədər olmalıdır?
Ailədə adambaşına düşən orta aylıq gəlirin miqdarı ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olmamalıdır. (qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).
Himayədar şəxs (ailə) olmaq istəyənlərlə təlimin keçirilmə müddəti nə qədərdir?
Təlimlər 30 (otuz) gündən çox olmayan müddətə təşkil edilir.
Monitorinq hansı müddət aralığında keçirilir?
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayəyə götürülmüş uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə ayda 1 (bir) dəfədən az olmamaq şərtilə himayədar ailəyə verilmiş uşaqların vəziyyətinin və himayədar ailə tərəfindən müqavilə şərtlərinə əməl edilməsinin monitorinqini aparır.