Fərid Məmmədov Ankarada keçirilən beynəlxalq konfransda çıxış edib

1 noyabr 2024, 14:19
A+ A-
Fərid Məmmədov Ankarada keçirilən beynəlxalq konfransda çıxış edib

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Türkiyənin Ankara şəhərində “Türk dövlətlərində sosial müdafiə, iş həyatı və sosial xidmətlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.

Fərid Məmmədov Azərbaycanda sosial islahatlar və DOST konsepsiyası barədə ətraflı məlumat verib. Bildirilib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 160 xidmət “bir pəncərə”dən göstərilir. DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. DOST modelinin Moldovada, həmçinin Özbəkistanda da tətbiqi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi aparıldığı qeyd olunub.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti “Türk dövlətlərində sosial müdafiə, iş həyatı və sosial xidmətlər” mövzusunda keçirilən beynəlxalq konfransda təmsil olunur. Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək və sosial müdafiə üzrə qurumlarının nümayəndə heyətlərinin iştirak etdiyi konfransın məqsədi əməkdaşlığın genişləndirilməsi, sosial sahədə ümumi çağırışların müzakirəsi, uğurlu təcrübələrin mübadiləsidir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi