Əlilliyi olan gənclərə dəstək göstərilir

1 noyabr 2024, 14:48
A+ A-
Əlilliyi olan gənclərə dəstək göstərilir

DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsinin növbəti görüşü keçirilib. Görüş Tələbələrin Akselerasiya Proqramı üzrə iştirakçı tələbə və məzunlarla “Azercell Telekom” MMC arasında baş tutub.

Azercell tərəfindən iştirakçıların potensialları və müasir əmək bazarının tələbləri nəzərə alınmaqla bilik və bacarıqların inkişafı üzrə xüsusi təlimlər təşkil edilib. Bu istiqamətdə “Karyeranı qur” mövzusu, əmək bazarında mövcud texniki bacarıqlar, iş imkanları və təlimatlar barədə geniş məlumat verilib. Əməkdaşlığın növbəti mərhələsində iştirakçılara peşə hazırlığı, karyera bələdçiliyi, həmçinin texniki sahələr üzrə təlimlərin və iş yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda əlilliyi olan tələbə və məzunlar üçün təcrübə və iş imkanları təklif edən işəgötürənlərin layihəyə cəlb olunması, tərəfdaş təşkilatların iştirakı ilə iş və təcrübə imkanlarının dəyərləndirilməsi işləri davam edir.

2023-cü ilin oktyabr ayından icrasına başlanılan layihə UNICEF-in Azərbaycan üzrə “2021-2025-ci illər üçün ölkə proqramı” və UNICEF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən həyata keçirilir.

Məqsəd əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun əmək bacarıqlarına yiyələnmələrinə, məşğulluq imkanlarının artırılmasına, müvafiq təcrübə imkanlarının yaradılmasına dəstək verməkdir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi