Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin Dövlət Xidmətləri Komitəsinin sədr müavini Nadir Kurumbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə DOST Agentliyində görüş olub.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
Nümayəndə heyəti ilə görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST konsepsiyasının üstünlükləri barədə məlumat verib. Bu sahələrdə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. DOST mərkəzlərində sosial sahə üzrə 160 növ xidmətin “bir pəncərə”dən göstərildiyi, DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə qazandığı nailiyyətlər, elektronlaşdırılma istiqamətində əldə olunan uğurlar qeyd edilib.
Tədbirdə DOST Agentliyinin fəaliyyəti barədə təqdimat olub.
Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi